“Qarabağ”ın futbolçusu Olavio Juninyonun futbolinfo.az saytına müsahibəsi

– Milli komandalara görə klub oyunlarında fasilə yaranıb. Yəqin ki, bu fasilənin ağır qrafikdə oynamış “Qarabağ” üçün faydası daha çox olacaq. Çünki həm avrokuboklar, həm çempionat çətin qrafik keçirdiniz…

– Əslində, millinin oyunları ilə bağlı yarana fasilə bizim üçün göydəndüşmə oldu. Neçə həftədir ki, ağır qrafiklə oynayırdıq. Hər 3-4 gündən bir oyun keçirmək bizim bərpa prosesimizə mane olurdu. Demək olar ki, komandanın əksəriyyəti yorğunluğu hiss edirdi. Fasilə bizim xeyrimizə olacaq. Bir neçə zədəli futbolçumuz da var ki, formalarını bərpa edib geri qayıtmağa şans qazandılar. Birmənalı şəkildə fasilənin bizə köməyi dəyəcək.

– “Qarabağ” son 10 ildə ən pis startına imza atıb, komandanın artıq iki məğlubiyyəti var. Situasiyanı dəyişib liderlik kürsüsünü ələ keçirə biləcəksiz?

– Mən şübhə etmirəm ki, biz azarkeşlərin, hər kəsin adət etdiyi liderlik mövqeyini əldə edəcəyik. Komandanın gücü, potensialı bunu deməyə imkan verir. Nəzərə almaq lazımdır ki, heyətdə yeni futbolçular var. İstər-istəməz bu, təsirini göstərir. Bir çox oyunçular adaptasiya dövrünü keçir. Mövsümün əvvəlində itirilmiş xalları kompensasiya edəcəyik. Mövsümün gedişində zirvəyə yüksələcəyik.

– Azərbaycan çempionatında artıq bir neçə matç keçirmisiniz. Hansı düşüncələriniz yaranıb?

– Çempionatın səviyyəsini yaxşı hesab edirəm. Bütün komandalar mübarizə aparır, meydanda “döyüşür”, hər kəs xal qazanmaq istəyir. Müasir futbolda zəif komanda anlayışı öz mənasını itirib. Hər komandada 11 futbolçu meydana çıxır. Üstəlik, nəzərə almaq lazımdır ki, bizə qarşı oynayan komandalar daha çox motivasiya olurlar, mübarizə aparıb xal qazanmaq istəyirlər. Bu da xoş haldır.

– Ölkəmizdə bir çox braziliyalı oyunçular çıxış edir. Onların hansını öncədən tanıyırdınız və bura gələndən hansıları ilə yaxşı münasibətiniz yaranıb, dostluq edirsiniz, ölkə haqqında soruşursunuz?

– Azərbaycan gəlməmişdən qabaq bir neçə braziliyalı ilə danışdım. Baxmayaraq ki, indi burada çıxış etmir, amma Kadi ilə müzakirələr aparmışdım, ondan bir çox şey soruşmuşdum. Onunla hər şeyi danışdım. Kadi komanda haqqında, Azərbaycan və Bakı haqqında xoş sözlər dedi. Bu da qərarıma təsir etdi. Riçard Almeydanın da mənə köməyini xüsusi qeyd edərdim, adaptasiya prosesimə yardımçı oldu. Belə deyək ki, özümü qərib hiss etməmək üçün həm özü, həm ailəsi mənə də, ailəmə də dəstək oldu.

– Rəqibləriniz arasında fərqləndirə biləcəyiniz bir komanda var? Azərbaycan çempionatından söhbət gedir…

– İndiyə qədər keçirdiyimiz oyunlara görə fikir yürüdə bilərəm. Hər komanda ayrılıqda öz stili ilə oynayır. Xal itkilərimiz, məğlubiyyətlərimiz oldu. Öz günahımız, tam konsetrasiya ola bilməməyimiz ucbatından məğlubiyyətlər aldıq. Kimisə ayrıca fərqləndirmək istəməzdim. Hər oyun fərqlidir. Sadəcə, növbəti oyunlara köklənirik. Əsas məqsəd odur ki, itirdiklərimizi bərpa etməliyik, səhv buraxmamalıyıq.

– Milli fasiləsi bitdikdən sonra artıq çempionat başlayır, ondan bir həftə sonra da Avropa Liqasında qrup oyunlarına çıxacaqsız.  Bu qrafikə hazırsınız? Bir də qrupdakı rəqibləri necə dəyərləndirirsiz?

– Biz növbəti mərhələyə hazırıq. Millinin oyunlarından öncə eyni qrafiklə davam edirdik. İndi isə bu qrafikə daha hazırlıqlıyıq, bu yükün altına girə bilərik. Həm çempionatda, həm də Avropa Liqasında uğurlu olmaq istəyirik. Avroliqanın qrupundakı rəqiblərimizin hər biri maraqlı komandalardır. Onlar boş yerə qrupa qədər gəlməyiblər. Azarkeşlər baxımlı matçlar izləyəcəklər. Zamanı gələndə hər oyundan öncə rəqibi dəyərləndirəcəyik, onlara qarşı necə oynayacağımızı müəyyənləşdirəcəyik.

FƏRİD

Shares: