I Liqada çıxış edən “İmişli” klubunun müdafiəçisi Nodar Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– I Liqanın iddialı klublarından sayılan “Şamaxı” ilə ev oyununda 0:3 hesabı ilə uduzdunuz. Böyükhesablı məğlubiyyətə nə səbəb oldu?

– Matça baxanlar gördülər ki, hesab oyuna görə olmadı. İlk hissədə tam üstünlük bizdə idi. Həm topa daha çox nəzarət edirdik, həm də təhlükəli hücumlar qururduq. Fasilədən dərhal sonra qapımıza penalti təyin edildi və rəqib bundan yararlanıb hesabı açdı. Bir qədər sonra hakim bizi ikinci dəfə penalti ilə cəzalandırdı. Bundan sonra komandamız özünə gələ bilmədi. Nəticədə belə hesab alındı. Halbuki göstərdiyimiz oyuna görə məğlub olmalı deyildik.

– Mövsümə “Araz Saatlı” üzərində inamlı qələbə (3:0) ilə başlasanız da, son 2 turda xalsız qalmısınız. Komandada nə baş verir?

– Komandada problem yoxdur, hər şey yaxşıdır. Klub rəhbərliyi tərəfindən bütün lazımi şərait yaradılıb. Sadəcə, yeni kollektiv olduğumuz üçün bizə bir qədər vaxt lazımdır. Futbolçuların bir-birinə tam uyğunlaşması zaman tələb edir. Müəyyən vaxt keçdikdən sonra meydanda bir-birimizi daha rahat başa düşəcəyik, xətlərarası əlaqə yaxşılaşacaq. İnşallah, zamanla hər şey qaydasına düşəcək və nəticələrimiz düzələcək.

– Rəhbərlik tərəfindən qarşınıza konkret olaraq Premyer Liqaya yüksəlmək tapşırığı qoyulub. Sizcə, bu missiyanın öhdəsindən gələ biləcəksiniz?

– Rəhbərlik hər şeyi edir ki, biz yaxşı nəticələr qazanaq. Hazırda ev oyunlarımızı Saatlıda keçiririk. Yaxın vaxtlarda İmişliyə, öz doğma meydançamıza qayıdacağıq. İnanıram ki, öz meydanımızda daha yaxşı nəticələrə imza atacağıq və Premyer Liqaya yüksəlmək hədəfimizə doğru inamla addımlayacağıq.

– Növbəti turda “Mingəçevir”in qonağı olacaqsınız. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz?

– Bizim üçün vacib oyundur. Son 2 görüşdə uduzduğumuz üçün bu dəfə xal itkisinə yol vermək olmaz. Qələbə qazanmaq istəyirik. Bilirik ki, Mingəçevirdə oynamaq həmişə çətin olub. Buna görə də diqqətli olacağıq. Hər oyuna necə məsuliyyətlə hazırlaşırıqsa, bu matça da eyni ciddiyyətlə hazırlaşacağıq.

– I Liqada maddi baxımdan ən güclü klublardan sayılırsınız. Hədəfə çatmaq uğrunda mübarizədə kimləri özünüzə əsas rəqib görürsünüz?

– Kimlərisə fərqləndirmək istəmirəm. Bütün komandalara əsas rəqib kimi baxıram. Çünki bu il I Liqa iştirakçıları keçənilkindən daha güclüdürlər. İndi liqada asan rəqib yoxdur. Heç kimə saymazyana yanaşa bilmərik.

– Yayda “İmişli”dən başqa sizi heyətində görmək istəyən klublar var idi?

– Bilirsiniz ki, ötən mövsümü “Qaradağ Lökbatan”da keçirmişdim. Bəli, başqa təkliflərim də var idi. I Liqada çıxış edən digər komandalardan da dəvət almışdım. Amma yekunda “İmişli”ni seçəsi oldum. Seçimimdə Əsgər Abdullayev faktoru böyük rol oynadı. Baş məşqçi məni komandasında görmək istədiyini bildirdi. Əsgər müəllimin təklifinə “yox” deyə bilmədim.

– Uzun illərdir I Liqada çıxış edirsiniz. Cari mövsümdən liqada hansı dəyişiklikləri görürsünüz? Ümumiyyətlə, liqanın səviyyəsi sizi qane edirmi?

– I Liqanın səviyyəsində artım var. Əvvəlki illərlə müqayisədə bu il çempionat daha gərgin keçəcək. Çünki cari mövsümdəki komandalar daha güclü, daha iddialıdırlar. Buna görə də azarkeşlər hələ çox maraqlı oyunların şahidi olacaqlar.

– Vaxtilə Premyer Liqa klublarında oynamış, hətta millinin şərəfini qorumuş Nodar Məmmədovun illərdir I Liqada çıxış etməsi nə ilə bağlıdır? Karyeranızda geriləməyə nə səbəb oldu?

– Ətrafımdakı insanlardan da bu sualı tez-tez eşidirəm. Amma cavab verməkdə çətinlik çəkirəm. Doğrudan da, səbəbini bilmirəm.

AĞA

Shares: