İsveçin “Yurqorden” klubunda çıxış edən azərbaycanlı futbolçu Musa Qurbanlı ölkə çempionatının 28-ci turunda “Brommapoykarna” üzərində 2:1 hesablı qələbəni şərh edib.

Futbolinfo.az “aftonbladet.se” saytına istinadən xəbər verir ki, 21 yaşlı forvard oyuna start heyətdə çıxmasına baxmayaraq, fasilədən sonra əvəzləndiyinə görə baş məşqçidən narazı qalmadığını bildirib:

“Əvəzlənməyimi normal qəbul edirəm. Futbolda bəzən belə olur. Bu, baş məşqçinin qərarıdır. Həmişə daha çox oynamaq istəyirsən. Amma məyus olmadım. Ən vacibi komandanın üç xal qazanmasıdır. Qalib gələndə sevinməliyik.

Bəzən qol vurmayanda bir az çətin olur. Azarkeşlər qolla yaşayır, onunla nəfəs alırlar. Qarşıma həmişə məqsəd qoyuram. Komandada yeniyəm və gəncəm. Başa düşürəm ki, hələ vaxtım var. Üzərimdə çalışmalı, özümü ruhdan salaraq təslim olmamalıyam. Komandaya uyğunlaşmağa çalışıram. Düşünürəm ki, həyat təslim olmamaqdan və üzərində çalışmaqdan ibarətdir. Bu, mənim yolumdur. Mübarizəni davam etdirsəz, yekunda istədiyinizi əldə edəcəksiz”.

“Yurqorden” hazırda İsveç çempionatında 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Shares: