Proses hələ bitməyib. Canni de Byazi ilə müqavilənin müddətinin uzadılmaması milli komandaya əcnəbinin rəhbərlik etməyəcəyi demək deyil. Elxan Məmmədovun əsas icraçı olduğu dəstə yığmalarda əldən verməkdə olduqları söz sahibliyini geri qaytarmaq üçün dayanmayacaq.
Futbolun inkişafı üçün səylərin birləşdirilməsi, ciddi işlərin görülməsi lazım ikən məmurlar kabunet oyunu oynayır, nüfuz müharibəsi aparır. Bir tərəf yerli məşqçi qalxanıyla silahlanıb, digərləri əcnəbi nizələri ilə hücum edir. Heç biri də ən doğru yol deyil. Doğru olan sistemin yaradılması, uyğun kadrların yerləşdirilməsi və kompleks işlərin görülməsidir.
İndi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq futbolun inkişaf göstəricisi sayılmamalıdır. Bu yarışa 24 vəsiqə verilir – qitənin yarısı gələn yay Almaniyada olacaq. Dərd odur ki, hətta bu qədər münbit şəraitdə də nəinki finallara qatılmırıq, hətta vəsiqə uğrunda mübarizə aparmaq şansımız olmur, ilk turlardan yerimizi tanıyır, autsayder kimi möhkəmlənirik.
Və bunun səbəbi Canni de Byazi deyil, o, öndəki hədəfdir. Məşqçilər dəyişir, nəticələr dəyişmirsə, həll yolunu ölkə futbolunun idarəetməsində, ümumiyyətlə, futbola baxışda, münasibətdə axtarmalıyıq. Hətta AFFA rəhbərliyinin dəyişməsi də hər şey demək olmayacaq, onları əvəz edənlərin kimliyinə, niyyətinə baxmaq lazımdır.
Əsas sual budur: yenilər futbolun inkişafı üçün gəlir, yoxsa əvvəlkilərin bazarını mənimsəməyə, ələ keçirməyə? Niyyət təmiz deyilsə, Avropa çempionatının final mərhələsində 34, lap 44 komanda da olsa, biz orada olmayacağıq.
Daha dərinə getsək, heç İcraiyyə Komitəsinin bugünkü iclasına da gərək yox idi. De Byazinin müqavilə müddəti seçmə mərhələ ilə birlikdə başa çatırdı. Yəni, onun üçün hansısa iclasa gərək yox idi, anlaşması bitən adamla AFFA-nın hansısa əlaqəsi ola bilməz. İK yeni məşqçinin seçimi planlarının müəyyənləşdirilməsi üçün yığışmalı, adı məhz belə qoyulmalı idi.
Doğrudur, italiyalı hesabat verməlidir. Amma İK-nın tələsik iclasına o da eyni qaydada cavab verdi. 2 dəqiqə 40 saniyəlik çıxışla… Detallı hesabat üçün zaman lazım idi. Düzdür, onun hesabatının indi heç bir mənası yoxdur, uğursuzluq istənilən izahatın üstünü örtürdü.
İclasın gözləniləndən tez təyin olunması strateji postun əhəmiyyətini göstərir. Əcnəbi havadarları düşünənə kimi de Byazi yola salındı. İndi növbəti ilin mart seçkilərinə kimi kabinet davaları gedəcək, həm AFFA prezidenti postu, həm də baş məşqçi məsələsi prioritet olacaq. İK-nın bügünkü iclasının nəticələri qarşıdakı aylarda həm möhkəmləndirilə, həm də unutdurula bilər.
Bəlkə də de Byazinin postunda saxlanılmasını, ən azı müqavilənin uzadılıb-uzadılmayacağıyla bağlı dilemmanı uzatmaq olardı. Amma italiyalının son mətbuat konfransındakı səhvi, jurnalistlərə qarşı etdikləri onun sonunu gətirdi. Havadarları da onu qoruya bilmədi, gücləri İK-nın iclası başlayarkən məşqçinin özünün getmək istəməsini açıqlamasına çatdı. Yekunda görüntü belə oldu ki, italiyalının etdikləri bağışlanmadı – AFFA bu məqamda mətbuatdan, ictimaiyyətdən xal qazandı.
Şəxsən mənim qənaətim de Byazinin Berti Foqtsdan, Nikola Yurçeviçdən daha yaxşı məşqçi olmasıdır. Hətta Robert Prosineçki də ondan yaxşı sayıla bilməz. Canni pislərin içində ən pis deyildi. Dilinə yiyə dura bilməməsi onu “ən pis” etdi, həm də dəyişən dönəmdə qorunması mümkün olmadı.
Heç kimə sirr deyil ki, Rövnəq Abdullayev AFFA prezidenti olsa da, milli komanda ilə bağlı məsələlərdə həmişə vitse-prezident Elşad Nəsirovun sözü həlledici olub. Ona belə səlahiyyət verilib, o da hər zaman əcnəbi sevdalısı olub. Amma dünən Abdullayevə haradan zəng, tapşırıq gəlibsə, prezident bugünkü iclasda Nəsirovla fərqli cəbhələrdə dayanıb. Prosesləri maraqla izləməyə dəyər.
Dəqiq olan odur ki, bu gün dava futbolun inkişafı üzərində deyil, maraqların toqquşması gedir. Sabah hətta yerli məşqçinin seçimi də söz-söhbətsiz ötüşməyəcək. Yalnız Qurban Qurbanovun təyinatı nisbi sakitlik yarada, məsuliyyətin onun boynuna yüklənməsi ilə nəticələnə bilər. Qalan bütün seçimlər müzakirələrə səbəb olacaq. Və yenə də futbolun inkişafı yaddan çıxacaq, hər kəs öz marağını müdafiə edəcək.
VÜSAL MAHMUDOV