Azərbaycan millisinin məşqçisi Arif Əsədov Canni de Byazinin hərəkətinə haqq qazandırmır. O, millinin baş məşqçisinin jurnalistlərlə bağlı açıqlamalarını doğru saymır.

Əsədov futbolinfo.az saytına açıqlamasında bu barədə danışıb: “Məncə, istefasına ən böyük səbəblərdən biri də bu oldu. İstənilən halda, bu sözlərə bəraət qazandırmaq olmaz. Yolverilməz addımdır. Bilirsiniz, məşqçilər uduzduqları oyundan sonra emosional olurlar. Dünya praktikasında bu var, tez-tez belə hallara rast gəlinir. De Byazi isə etiraf etdi ki, bu sözləri ümumi şəkildə deməyib, yəni bütün jurnalistlərə şamil etməyib. Sadəcə, sual verilən zaman aqressivləşib. Ümumiyyətlə, jurnalistlərlə məşqçilər sıx əlaqədə olurlar. Hər sahədə olduğu kimi, futbolda da bunlar bir-birinə bağlıdır. Hər kəsə hörmətlə yanaşmaq lazımdır”.

Arif bəy İsveçlə Bakıdakı oyundan sonra de Byazinin ona təpik atmasına da aydınlıq gətirib: “Digər kameradan baxsanız görərsiniz ki, o, təpiyi mənə atmırdı, heç mənə dəymədi də. Sadəcə, sevinc anları idi və havaya təpik atırdı. Azlıqda idik, müzakirə edirdik ki, hansı dəyişikliyə əl ata bilərik. Mən bir fikir bildirdim, onu yerinə yetirdi. Əvəzetmədən sonra qol buraxmağa mane olmaq istəyirdik. Ancaq əksinə, özümüz qol vurduq. De Byazi də əli ilə çiynimə vurdu və havaya təpik atdı”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp