“Qarabağ” “Molde” ilə oyunöncəsi yaxşı məşq etdi. “Sabah” milli komandaların oyunlarına görə yaranan fasilədən sonra ağdamlılara lazım olan tonusu təmin etdi. İndi Norveçdə daha hazırlıqlı komanda görə biləcəyik.

“Sabah” özü isə növbəti zərbəni aldı. Bəlkə də çempionla oyundakı məğlubiyyəti bağışlamaq olar, amma belə xal itkiləri komandanın yüksək yerlərə iddiasını şübhə altına alır. Mövsümün ilk yarısı bitməyib, “bayquşlar”ın 6 məğlubiyyəti var. Halbuki ötən çempionatda cəmi 5 dəfə uduzmuşdu.

Oyunun startı “Sanah” üçün pis başlamamışdı. Amma “Zirə” ilə oyunda qırmızı vərəqə alıb komandanın məğlubiyyətinə səbəbkar olan Emmanuel Apeh bu dəfə də penaltini boşa verməklə ağdamlılar üzərində üstünlük qurmaq şansını əldən verdi. Əvəzində eyni şansı qazanan “Qarabağ” fürsətdən istifadə etdi. 5 dəqiqə ərzində ağdamlılar ikinci, meydan sahibləri təsəlli qolunu vurdu. Beləsə qısa müddətdə səhvlərdən qarşılıqlı istifadə edilməsi yekun nəticəni müəyyənləşdirdi.

“Qarabağ” əsas heyətlə oynadıqda qarşısını almaq çətindir. Zirvəyə yüksələn ağdamlılar əsas rəqiblərinin nəticələrinə fikir vermədən öz işini görür. Avropa Liqasında da eyni oyunu göstərmək mümkün olsa, Norveçdən xalla dönüb növbəti mərhələ problemini həll etmək olar. Çətin olacaq, amma Qurban Qurbanovun yetirmələri öz futbolunu oynasa, “Molde” dişinə görə rəqibdir.

“Sabah” məğlub olsa da, öz oyununu geri qaytardığını göstərdi. Murad Musayev fasilə dövründə yayda transfer edilən oyunçuları qismən formaya sala bilib. “Qarabağ”dan başqa istənilən komanda dünən Masazırda məğlubiyyətə məhkum idi. Lakin reallıq bu komandalar arasında xal fərqinin 13-ə çatmasıdır.

Turun növbəti oyunları da maraqlı olacaq. Qış fasiləsi öncəsi hər xal əhəmiyyətlidir. Hamının bir-birinə qalib gəlməsinin mümkün olduğu Premyer Liqada heç bir oyunun aşkar favoriti yoxdur. Xüsuslə Qəbələdəki və Sumqayıtdakı matçların nəticəsi intizarla gözlənilir.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp