“Qəbələ” üçün əcəl zəngləri çalınır. Doğma meydanda son pillədə qərarlaşan “Kəpəz”dən üç cavabsız top buraxan komandanın ciddi perspektivi ola bilməz. Bu gedişlə Premyer Liqanı tərk etməyə əsas namizəd elə Elmar Baxşıyevin yetirmələri olacaq.
Büdcə, heyət keyfiyyəti baxımından daha üstün olan “Qəbələ” evində darmadağın olursa, deməli, klubda işlər qaydasında getmir. Və bunu didərgin “Kəpəz bacarırsa, hər cür şəraiti olan “qırmızı-qaralar” edə bilmirsə, problem yalnız klubun daxilindədir. Ya rəhbərlik və baş məşqçi bacarıqsızdı, ya da işbirlikləri uğuru deyil.
Ara-sıra qazanılan qələbələrlə uzağa getmək olmaz. “Qəbələ” ən çox qol buraxan komandadır. Baxşıyevin yetirmələri yalnız dünən 3 qol “yedikləri” “Kəpəz”dən çox fərqlənib. İnd əsas rəqibdən iki xal geri düşmək isə başqa br problemdir. Qışa kimi yerdəyişmələr davam edə bilər, lakin aitsayder adından qurtulmaq çətin görünür.
Yəqin ki, klub prezidenti Fariz Nəcəfov qışda kisənin ağzını açacaq, sponsorlardan əlavə vəsait istəyəcək. Halbuki həmin pulları yayda aparıcı oyunçuları saxlamaq üçün xərcləmək lazım idi. O zaman indiki acınacaqlı durum da olmazdı. Bəlkə də məqsəd elə yeni legioner dəstəsini gətirmək, qışda əlavələr etmək və Nail Kərimovun menecer dostlarına pul qazandırmaq olub.
Bu qələbə “Kəpəz”ə motivasiya verəcək. Amma gəncəlilərin oyununu deal saymaq olmaz. Dünənki oyun göstərdi ki, komanda bir neçə futbolçunun fərdi bacarığı hesabına qollar vurur. Adil Şükürov hələlik oyun dəst-xəttini oturda bilməyib. Xüsusilə yarımmüdafiədə problemlər var. Kökdən düşmüş “Qəbələ”ni yenməklə problem həll olunmur.
“Qarabağ” üzərində sürpriz qələbədən sonra beş turdur eyni uğura həsrət qalan “Araz-Naxçıvan” yavaş-yavaş turnur cədvəlinin ortalarına sürüşür. Düzdür, “Zirə” ilə səfər heç-heçəsini komandanın aktivinə yazmaq olar, lakin komandanın mövsümün əvvəlindəki futbolu sərgiləmədiyi dəqiqdir. Hətta növbəti turdan sonra muxtar respublika təmsilçisi ilk “altılığ”ı tərk edə bilər.
“Zirə” də üç oyundur qələbəyə həsrət qalıb. Komanda 2-ci pillədə qalırsa, bu, rəqiblərinin xal itirməsinə görədir. İrəli qaçan “Qarabağ”la mübarizəyə hazır olmadığı dəqiqləşən “qartallar”ın hazırda əsas hədəfi qışa kimi mövqeyini qorumaqdır. Hücumda heyət yetərsizliyindən əziyyət çəkən komanda faslə müddətində mütləq vəziyyəti dəyişməlidir. 16 tura cəmi 13 qol vuran, bu baxımdan yalnız autsayderləri qabaqlayan qəsəbə təmsilçisi müdafiədə etibarlı oyunla uzağa gedə bilməz. Bəli, cəmi 8 top buraxılıb, lakin yaxşı müdafiə olunmaqla qələbələri sıralamaq mümkün deyil.
Turun artıq 3 oyunu başa çatıb. Meydan sahiblərinin hesabında iki böyükhesablı məğlubiyyət və bir qolsuz heç-heçə var. “Sabah”la “Neftçi” tilsimi qıra bilməsə, bu, həm də onların turnir maraqlarına ciddi zərbə olacaq.
AĞA