Milli komandamızın baş məşqçi postuna daha bir namizədlə bağlı xəbərlər ortaya çıxıb. “Sky Sports”un (Almaniya) yazdığına görə, AFFA Türkiyə millisinin sabiq çalışdırıcısı Ştefan Kuntsla danışıq aparır.
AFFA-dan hələlik rəsmi açıqlama yoxdur. Qurum namizədlərlə, danışıqlarla bağlı hər şeyi gizli saxlayır. Lakin bizdə olan bilgiyə görə, konkret olaraq Kuntsun namizədliyi müzakirə mövzusu deyil. Bu məşqçinin Türkiyə millisindəki biabırçı fəaliyyəti hamının gözü önündə olub. Onun karyerası ərzində də hər hansı ciddi uğuru yoxdur. Yalnız aşağı yaş qruplarında fəaliyyəti nisbətən uğurlu sayıla bilər.
Ən önəmlisi Kuntsun Berti Foqts, Bernard Lippert və s. məşqçilərin xətti ilə Azərbaycana gətirilməsi niyyətidir. AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun alman dostları ilə münasibəti yenə ön plana çıxıb və AFFA-nın büdcəsini talamaq üçün növbəti cəhdi edirlər. Öncə informasiya sızdırılır, sonra təbliğat aparılır və reallaşdırmağa çalışırlar. 16 ildə etdikləri kimi…
Amma bu dəfə çətin ki, alınsın. Nəsirov milli komandaya məşqçi seçimi üçün yaradılan İşçi Qrupun sədri olsa da, proseslərdən kənarda saxlanılır. Bu məsələni AFFA prezidenti Rövşən Nəcəf birbaşa nəzarətinə götürüb və onun qarşısındakı siyahıda Kuntsun adı yoxdur. Elşad bəy onu aldatmağı bacarmasa, Kuntsu Azərbaycanda görməyəcəyik.