“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar” İngiltərənin “Çarlton” klubundan transfer etdiyi Corc Dobsonla yollarını rəsmən ayırıb.

Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Macarıstan klubu ilə yenicə rəsmi müqavilə imzalayan 26 yaşlı yarımmüdafiəçi bu ölkəyə yollanmaqdan imtina etdiyi üçün sözləşmə ləğv olunub.

Dobson artıq yeni komandasını da müəyyənləşdirib. O, İngiltərə 1-ci liqasında çıxışını davam etdirəcək. Futbolçu “Reksem” klubu ilə müqavilə bağlayıb.

Maraqlıdır ki, Dobson yeni mövsümdə ilk oyununu məhz sabiq komandası “Çarlton”a qarşı keçirəcək. “Fehervar”ın isə onu heyətinə qatmaq ümidləri birdəfəlik puç olub.

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab görüşü isə ayın 31-də Macarıstanda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp