Olimpiadada bu günün ən maraqla gözlənilən qarşılaşması baş tutub. “Rolan Qarros”un 14 qat çempionu Rafael Nadal sevimli kortunda Novak Cokoviçlə üz-üzə gəlib. Dünya tennis tarixinin iki əfsanəsi arasında bu, 60-cı görüş olub. 30:29 hesabı ilə öndə olan serbiyalı tennisçi bu dəfə də qələbə qazanıb.
İlk seti Cokoviç rəqibə bir oyun vermədən qazanmağa yaxın olsa da, Nadal biabırçılıqdan yaxa qurtara bilib – 6:1. İkinci setin əvvəli də bənzər ssenari ilə keçib. Rafael Nadal bir vaxtlar hər kəsin ona qarşı çıxmağa belə qorxduğu kortda Novak ilk 4 oyunu xeyrinə başa vurub. Hər kəsin darmadağın gözlədiyi anda ispan tennisçi bir qədər özünə gəlib. Ardıcıl qələbələrlə o , setdə hesabı bərabərləşdirib – 4:4. Lakin, növbəti geymdə rəqibin breyk etməsinə əngəl ola bilməyib. Cokoviç öz servisini götürərək matçı qələbəylə bitirib – 6:4.