“Kəpəz”in müdafiəçisi İlkin Qırtımovun futbolinfo.az saytına müsahibəsi

– Son matçda “Qarabağ”a 0:5 hesabı ilə uduzunuz. “Neftçi” üzərindəki qələbədən sonra böyükhesablı məğlubiyyət alacağınızı düşünürdün?

– “Neftçi” ilə oyundan sonra komandada əhval-ruhiyyə çox yaxşı idi. Həmin qalibiyyətdən sonra rəqibimiz “Qarabağ” yox, başqa komanda olsaydı, daha yaxşı olardı. Bu rəqibə qarşı da ilk hissədə pis oynamadıq. Komanda kompakt şəkildə oynadı, amma ikinci hissədə boşluqlar verdik. “Qarabağ” kimi komanda da həmin fürsətlərdən yararlanmaya bilməzdi.

– Sonuncu pillədə qalmaqda davam edirsiniz. Oradan qurtulacağınıza ümid  var?

– Əlbəttə ki, var. Qarşıda oyunlarımız çoxdur. Maksimum nəticələr əldə etməliyik. Sonuncu yerdən çıxmaq üçün şansımız var.

– Təcrübəli futbolçu kimi sonuncu pillədə olmağı nə ilə əlaqələndirirsən?

– Çempionata yaxşı başlaya bilmədik. Hamımızda inamsızlıq yarandı. Mübarizə aparmalıyıq. Oynayan da, oynamayan da daxil hər kəs əlindən gələni etməlidir. Heç kəs özünü kənara çəkməməlidir. Hər kəs bu yükün altına əlini qoymalıdır.

– Qarşıda “Turan Tovuz”la çox çətin oyun var…

– Əlbəttə ki, tovuzlular yaxşı komandaya sahibdirlər, həm də formadadırlar. Digər tərəfdən də baxsaq, derbi matçıdır. Bu qarşılaşmaya qələbə üçün çıxacağıq. Ümid edirəm ki, 3 xal əldə edə bilərik.

– Həm derbidir, həm də hər iki komanda eyni meydanda oynayır.

– Bu meydançaya uyğunlaşmışıq. Gərgin və maraqlı görüş olacağını düşünürəm.

ABBAS

Shares: