Azərbaycanda idmançıdan daha çox nəticə tələb edirlər. Amma bir idmançıya dəyər vermək üçün təkcə nəticəyə baxmaq doğru deyil. Güc sahibi həm də məntiqli danışığı və savadı ilə seçilməlidir.

Balans yaratmaq hər idmançının işi deyil. Amma Eldəniz Əzizli bu iki komponenti özündə birləşdirə bilib. Yunan-Roma güləşi üzrə 3 qat dünya və 2 qat Avropa çempionu ilə görüşüb söhbətləşərkən vaxtın necə uçub getdiyini hiss etmədim. Eldənizi daha yaxından tanımaq istəyirsinizsə, səhifəni bağlamayın!

– Hazırda işlərin necə gedir?

– Allaha həmd olsun, hər şey yaxşıdır, hərçənd zədə səbəbindən hər şey tam istədiyim kimi də deyil. Nəzərə alaq ki, Tiranada keçiriləcək dünya çempionatının startına 1 həftə qalıb. Amma nə etmək olar, qismət belədir. Amma ümumilikdə özümü yaxşı hiss edirəm.

– Son Olimpiadanı kənardan izləmək sənə necə təsir etdi?

– Son Olimpiadanı deməyək, karyeramı davam etdirdiyim müddətdə bütün Olimpiya Oyunlarını kənardan izləmək xoş deyil. Təbii ki, Olimpiadaya qatılmaq istəyən idmançı üçün bu çox çətin anlardır. Demək olar ki, karyeramda bütün medalları qazanmışam, sadəcə, Olimpiadada mükafatçılar sırasına düşməmişəm. Təbii ki, təəssüflənirəm, amma yenə də Allaha həmd olsun, orada olmasa da, digər mötəbər turnirlərdə ölkəmi layiqli şəkildə təmsil etmişəm.

– Avropa çempionunun heç vaxt Olimpiadalarda iştirak etməməsinə nə şərh verə bilərsən?

– Əlbəttə, çətindir. Amma güləşdə elə proseslər var ki, məndən asılı olan bir şey deyil. Bu, Dünya Güləş Federasiyasının verdiyi qərar əsasındadır. Mənim yarışdığım çəki dərəcəsi Olimpiya Oyularında olsaydı, Parisdə liderlərdən biri olacaqdım. Nəzərə alaq ki, dünya reytinqində öz çəki dərəcəmdə ilk sıradayam. Amma təkcə mənim yox, digər çəkilərdə mübarizə aparanlar da bu qərara görə kənarda qaldılar. Olimpiadaya getsəydim, mən də medalçılar sırasında olacaqdım.

– Bəs, çəkini olimpiya çəkisinə sala və ya qaldıra bilərdin?

– Yox, özümü ona hazır hesab etmirdim. Ondan əvvəl dünya çempionatı var idi və mən bu çəkidə mundialın qalibi olmaq istəyirdim. Bilirsiz ki, müstəqilliyimiz tarixində yunan-Roma güləşində 3 qat dünya çempionumuz olmayıb. Fərid Mansurov və mən hərəyə 2 dəfə qızıl medal qazanmışdıq. Mən məhz bu rekorda çatmaq istəyirdim, ona görə də dünya çempionatına qatılmaq qərarına gəldim. Bundan sonra Olimpiadaya çox az vaxt qalmışdı. Üstəlik, sonradan ağır zədələndim, onun da bərpa prosesi 3-4 ay çəkdi.

– Güləşin tarixindən və bugünündən məlumatsız deyilsən. Sənin kimi 3 qat dünya və 2 qat Avropa çempionu olub heç vaxt Olimpiadalarda iştirak etməyən olub?

– Əlbəttə, belə hallar olub. Tək mən belə vəziyyətlə üzləşməmişəm. Elə son Olimpiadaya da mənim kimi dünya və Avropa çempionları qatılmadı.

– Beyləqanda doğulmusan. Şahin Diniyev də sənin dayındır. Nəslinizdə də ali-savadlı şəxslər çoxdur. Mən bilən bir dayın da tarix müəllimidir. Buna baxmayaraq, Şahin Diniyev, övladları Coşqunla Kərim və sən… Ziyalı ailəsində idman necə özünə yer tapdı?

– Elə dayım oğlu olan keçmiş hakim Ramil Diniyevi də bu siyahıya əlavə etmək olar. Konkret sualın cavabına gəlincə, bu gün Şahin Diniyevin bu səviyyəyə yüksəlməsində öz bacarığı böyük rol oynasa da, böyük dayım Yusif onun yolunu açıb. Onu Bakıya idman təmayüllü litseyə elə tarix müəllimi kimi dediyiniz Yusif dayım gətirib. Məhz Şahin dayımın idmana gəlməsi ilə bizim nəsildə idmana maraq yarandı və onun ardınca dayımın digər oğlu Ramil, sonra öz oğlanları… Yeri gəlmişkən, məni də futbola gətirmək istəyirdilər, amma nə yaxşı ki, güləşi seçmişəm. Şahin dayımı da özümüzə nümunə götürdük. Hər halda, onun Bakıya gəlməyi, bu səviyyəyə qədər yüksəlməsi… Beynəlxalq aləmdə böyük göstəriciləri olmasa da, ölkə səviyyəsində milli komandanın baş məşqçisi olmaq özü böyük bir uğurdur.

– Futbolçu olmadığına şükr etdin…

– Futbolu sevmişəm, indi də sevirəm, hətta futbolçu dostlarım da çoxdur, amma heç vaxt futbolçu olmaq istəməmişəm. Mən uşaq yaşlarımdan, daha dəqiq desək, 1999-cu ildən güləşlə məşğul olmağa başlamışam. 25 ildir ki, bu idman növündə gücümü sınayıram. Güləşi hələ də sevirəm.

– Bəs, güləşə maraq haradan yaranıb?

– O vaxt Beyləqanda orta təhsil alanda, məktəbimizin yanında güləş zalı açılmışdı. Görürdüm ki, məndən yaşda böyüklər tez-tez zala gedib gəlirlər. Mən də uşaqlara qoşulub o zalın yolunu tutdum.

– Şahin dayınla münasibətlərin necədi? Tez-tez görüşürsünüz?

– Dayımla münasibətlərim yaxşıdır, hətta deyərdim ki, yüksək səviyyədədir. Görüşürük, danışırıq, məsləhətləşirik. Ümumiyyətlə, təkcə güləşdə deyil, həyatda da addım atmamışdan əvvəl mütləq dayımla məsləhətləşirəm. O, həmişə öz təcrübəsini mənimlə bölüşür. Ümid edirəm ki, onunla münasibətlərim həmişə yaxşı olacaq. Ümumiyyələ, Şahin Diniyev zarafatcıl adamdır. Nəsildə də məni xasiyyətimə görə məhz bu dayıma oxşadırlar. Aramızda çox zarafatlarımız olur. Bəzən dayım təvazökarlıq edib, qazandığım nəticələrə heç vaxt çata bilməyəcəyini deyir. Diniyev həqiqətən də örnək götürüləsi insanlardan biridir.

– “Səbail”ə azarkeşlik edirsən?

– “Səbail”ə azarkeşlik etdiyimi desəm, yalan olar, düzdür, dayı eşitsə, yenə məni danlayacaq (gülür). Mən illərdir ki, “Neftçi”yə azarkeşlik edirəm. Hərçənd, daha çox dostlarım “Qarabağ”da oynayır. Elə bu yaxında Abbas Hüseynovun toyunda idik, hamımız bir yerdə iştirak etdik. “Zirə”də dostlarım var, Rəşad Sadıqov da mənim yaxın dostumdur. Amma yenə də “Neftçi” azarkeşiyəm.

– Belə de… Onda son turda “Neftçi”nin dayının çalışdırdığı “Səbail”ə qarşı oyununu izlədin? İlk dövrəni qələbəsiz başa vuran komanda Samir Abasovun gəlişi ilə tilsimi qırdı.

– Roman Qriqorçukun gedişi və Samir Abasovun gəlişi bir o qədər önəm kəsb etmir. Çünki istefaya gedən məşqçi də çox təcrübəli mütəxəssisdir. O, Samir Abasovdan da təcrübəlidir. Doğrudur, Samir bizim həmyerlimizdir, onun xətrini çox istəyirəm, amma Azərbaycan futbolunda yaranan problemlər məşqçilərdən qaynaqlanmır. Bizim sistem problemimiz var. Ölkədə futbol infrastrukturu pis vəziyyətdədir, bölgələrdə futbol inkişaf etmir, uşaq futbolu yox səviyyəsindədir, uşaq məşqçilərinə yetərincə dəyər verilmir. Ən əsası, pul ayrılmır. İdman da pul üzərində qurulan sahədir. Fikrimcə, milyonları töküb baş məşqçi gətirənə qədər bu işlərin qulpundan yapışmaq lazımdır. Elə Abbasın toyunda futbolçularla oturub söhbət edəndə mənə dedilər ki, bir stadionda 4 klub məşq edir. Bunun özü açıq-aşkar biabırçılqdır. Uşaq futbolu bu gündədirsə, yaxın 10 ildə Azərbaycan futbolundan nəsə gözləmək absurddur. İndi futbolun sirlərinə öyrənənlər gələcəkdə milliyə dəvət alacaqlar. Onlar da orada uğur qazanmayacaqlar. Çünki strategiya yoxdur. Məhz bütün bunların nəticəsində Azərbaycan futbolu nəinki yerində qalıb, hətta aşağı gedir.

– Bəs konkret “Neftçi” – “Səbail” oyunu haqqında nə deyə bilərsən?

– “Səbail”in qarşısına itirəcəyi heç nəyi olmayan “Neftçi” çıxmışdı. “Ağ-qaralar”ın futbolçuları çox istəkli idi. Mənə hələ də çatmır ki, bu komanda necə uğursuz ola bilər? Heyət nəinki “Səbail”dən, “Qarabağ”ı istisna etsək, digər komandalardan da güclüdür. Qriqorçuk kimi yaxşı məşqçisi də var idi. Niyə uğursuz olduqlarını komanda daxilində olanlar yaxşı bilərlər.

– Şahin bəy “Səbail”dən getsə, başqa məşqçi bu komandanı daha yuxarı qaldıra bilər, yoxsa elə maksimumu dayın bacarır?

– Orada məşqçi amili elə də önəmli deyil. Lap dayım bu mövsüm “Səbail”i tərk etsin, başqası gəlsin, dəyişən bir şey olmayacaq. Məşqçi təsiri 20-30 faizə bərabərdir. Uğurun 70 faizi uşaq futbolu, klubların büdcəsi və infrastrukturdan asılıdır.

– Coşqunun Türkiyədəki çıxışlarını TV vasitəsilə izləyirsən? Heç olmasa, qısa icmallara baxırsan?

– Yalan deməyim, başımız elə öz işlərimizə qarışıb. Təlim-məşq toplanışları və s. Nəinki Coşqunun, hətta başqa klubların çıxışını izləməyə də vaxt tapa bilmirəm. Ancaq müəyyən informasiyalarla kifayətlənirəm. Sosial şəbəkələrdə görüntülər olanda dayım oğlunun Türkiyədəki çıxışını izləyə bilirəm.

– Bəs, özü ilə əlaqə yaradırsan?

– Onunla çoxdandır ki, söhbətləşə bilmirəm. Amma dayım vasitəsilə onun haqda məlumatlar alıram.

– Coşqunun millidəki çıxışı haqda nə deyə bilərsən?

– İstər Coşqun, istərsə də digər oyunçular özlərini millidə sübut edə bilməyiblər. Millidə o auranı görmürük. Futbolçular gözləntiləri qarşılaya bilmirlər. Amma di gəl ki, klublarda başqa cür oynayırlar. Məsələn, götürək Mahir Emrelinin “Nürnberq”in heyətində vuruğu qolu. Təəssüf ki, biz onun belə bir qolunu milli komandanın heyətində görə bilmirik.

– Coşqunun “Qarabağ” karyerası haqda nə deyə bilərdin? Səncə, alındı?

– Alınsaydı, yəqin ki, “Qarabağ”ı tərk etməzdi. Elə Ağdam klubunu da yəqin ki, uğursuzluğa görə tərk etdi.

– Şahin Diniyev yaxşı futbolçu olub, yoxsa, Coşqun ondan da yaxşıdır?

– Futbolçu olaraq bir-birilərinə oxşayırlar, hər ikisi də solaxaydır. Mövqe bənzərlikləri də var. Doğrudur, ortada müxtəlif dövrlərin oyunçularının müqayisəsi gedir. Amma istənilən halda, dayım öz oğlu ilə müqayisədə daha uğurlu karyera qurub. Çünki indi ölkə xaricinə çıxmaq əvvəlki kimi çətin deyil. Amma dayımın dövründə legioner həyatı yaşamaq çətin idi. Dövr də çətin dövr idi. Hər halda, Şahin Diniyev millinin kapitanı olub.

– Yaxşı, Kərimin karyerası niyə alınmadı?

– Bilmirəm, bu haqda nəsə demək mənə çətin olardı. Bununla o qədər dərindən maraqlanmadığım üçün niyə görə karyerasının alınmadığını söyləyə bilmərəm.”Kəpəz”, “Səbail”, “Sabah” və “Zirə” kimi klublarda oynadı. Artıq məşqçi kimi fəaliyyət göstərir.

– Kərimlə daha yaxınsan, yoxsa, Coşqunla?

– Nisbətən Kərimə daha yaxınam.

– Qayıdaq yenə futbolumuzdakı problemlərə. Nöqsanları sərrastlıqla dedin. Belə vəziyyətdə bizə Fernandu Santuş lazımdır?

– Yeri gəlmişkən, o da Abbasın toyuna gəlmişdi və biz bir yerdə idik. O ki qaldı sualın cavabına, təbii ki, mən futbol mütəxəssisi deyiləm, sadəcə bir azarkeş kimi onu deyə bilərəm ki, bizə Fernandu Santuş lazım deyil. Söhbət təkcə ondan getmir. Hər halda, adam Portuqaliya millisinə Avropa çempionluğu qazandırıb, dünyada tanınmış mütəxəssisdir. Amma öncə qeyd etdiyim kimi, bizim problemimiz məşqçi deyil. Mənə görə məşqçilərə bu qədər pul xərcləmək israfdır. Bu pulu uşaq futboluna və infrastruktura xərcləmək lazımdır. Əvvəlcədən bu istiqamətdə işlər görsəydilər, Azərbaycan futbolu daha yaxşı səviyyədə olardı.

– Səncə, bu problem güləşdə yoxdur?

– Güləş Azərbaycanın ata-baba idman növüdür. Bu idman növündə potensial həmişə yüksək olub. Biz Olimpiya Oyunlarına nəzər salsaq, qazanılan medalların 80 faizi güləşin payına düşüb. Amma təbii ki, güləşdə də problemlər var. “Yoxdur” deməyim doğru olmazdı. Amma bizdə belə faciəvi problemlər yoxdur. Bizdə güclü idmançılar kənarda qalmır.

– Amma sosial şəbəkələrdə azarkeşlər legionerlərin gətirilməsindən narazıdır. Bu, bizim idman növüdürsə, kənardan niyə güləşçi gətirirlər?

– Mən yunan-Roma güləşindən danışa bilərəm. Özüm də yunan-Roma güləşi millimizin kapitanıyam. Bizdə azərbaycanlı güləşçilər yarışır. Sadəcə, ağır çəki dərəcəsində güləşçi tapa bilmədiyimizə görə gürcü və iranlı idmançıları bura dəvət etmişik. İranlı Sabah Şəriəti 10 ildən artıqdır ki, Azərbaycanda yaşayır, bizim dildə də digər legionerlərdən yaxşı danışır. Hətta Azərbaycanın hansı ləhcəsində istəyirsən, elə də danışsın. Mən onu özümüzkü kimi görürəm.

– Avropa futbolunu nə dərəcədə izləyirsən? Hansı komandaya azarkeşlik edirsən?

– İngiltərədə uşaqlıqdan “Mançester Yunayted”ə azarkeşlik edirəm. İtaliyada “Yuventus”, Almaniyada “Bayern”, İspaniyada “Barselona”, qardaş Türkiyədə isə “Qalatasaray” həmişə diqqətimdədir. 5-6 il əvvəl “Nou Kamp”da “El Klasiko”nu izləmişəm. Hesabı xatırlamıram, amma həm Messi qol vurdu, həm də Ronaldo.

– Futboldan başqa hansı idman növləri ilə maraqlanırsan?

– Cüdo çox gözəl idman növüdür. Hələ tennisə də baxıram. Novak Cokoviçi daha çox sevirəm. Amma cavan vaxtlarında mənim üçün Rafael Nadaldan o tərəfi yox idi.

– Bəs, Rocer Federer?

– Təbii ki, o da əfsanədir, o da Nadaldan bir az əvvəlki dövrün ən güclü tennisçisi olub.

– Cüdonun adını çəkdin, xatırladım: son Olimpiadada cüdo uğurlu oldu, güləş uğursuz…

– Bəzən güləşdən gözlənilər həddən artıq çoxdur. Olimpiadadan öncə də əsasən güləş və cüdodan medal gözləyirdilər. Cüdo camiəsini təbrik edirəm, tarixi qələbə ilə yadda qaldılar. Yeri gəlmişkən, güləşdə 2012-ci ildə London Olimpiadasında iki qızıl qazanmışdıq. Mən deyərdim ki, cüdoçular Parisdə bunun daha artığını etdilər. Tək elə Hidayətin ilə fantastik start götürməsini vurğulamaq kifayətdir. Həm Avropa, həm də dünya çempionu oldu. Nəhayət Olimpiada. Mənim yadımdadır, ilin əvvəlində hələ bu nəticələri qazanmamış Hidayətlə görüşdük. Elnur Məmmədli ona orada məşq keçirdi. O, funiklyoru çıxırdı, mən düşürdüm. Ayaqüstü onlarla söhbət etdim, soruşdum ki, vəziyyət necədir, Elnur müəllim dedi ki, bu il Hidayət üçünü də udacaq. Mən “inşallah” dedim, amma inanmadım. Həqiqətən də sözlərinin üstündə durdular. Həm Hidayət, həm də Zelim. Güləşə gəlincə, bir az enişli-yoxuşlu dövrlərimizi yaşayırıq. Bunun da səbəbi yaşlı idmançılarımızın karyerasını bitirməsiylə əlaqədardır. Ona görə də təzə nəslin gəlib onun yerini tutması üçün vaxt lazımdır. Ümid edirəm ki, qarşıdakı Olimpiadada daha yaxşı çıxış edəcəyik.

– Bizdə ən böyük problemlərdən biri ikiqat olimpiya çempionumuzun olmamasıdır. Hidayət arxasını gətirə bilər?

– Gətirə bilər. Məncə, bizim olimpiya çempionlarımız ikinci dəfə bu uğuru təkrarlaya bilmirsə, bu, arxayınlaşma ilə əlaqəli deyil. Götürək elə Fərid Mansurovu. Adamın 3 yerdən çənəsi sındı, ciddi zədə aldı, hətta görmə qabiliyyətini itirə bilərdi. Ona görə də anasına verdiyi sözə görə karyerasını bitirdi. Namiq Abdullayev çempion olanda yaşı çox idi. Bizim olimpiya çempionları ulduz xəstəliyinə yoluxmayıb. Sadəcə, hərənin bir səbəbi olub. Hidayət isə gəncdir, perspektivlidir, ümid edirəm ki, ikinci dəfə olimpiya çempionu olacaq.

– Cüdoya ürək bağlayanların dilindən tez-tez eşitmişəm ki, cüdo güləşlə müqayisədə daha ağıllı idman növüdür. Yəni, taktika, zəka, strategiya cəhətdən güləşi üstələyir. Güləşçi kimi buna necə reaksiya verərdin?

– Cüdo gözəl idman növüdür, amma güləşin qayda-qanunları və keçmişi cüdodan daha sanballıdır. Güləş strategiya üzərində qurulan bir idman növüdür. Güləşlə cüdo arasında böyük bir fərq var. Mənim fikrimcə, güləş ən çətin idman növüdür. Cüdodan da çətindir. Doğrudur, hazırda cüdoda rəqabət daha çoxdur, mən indiki dövrü demirəm. Amma sözümdə qalıram.

– Eləyə qalsa, ağırlaqqaldırma daha çətindir. Mən zəkaya görə dedim.

– Güləş zəka oyunudur. Sən bilməlisən ki, hansı dəqiqədə temp verməlisən, hansı dəqiqədə istirahət etməlisən, rəqiblə necə güləşməlisən, incələməlisən ki, o ayaq üstə güclüdür, yoxsa parterdə… Cüdoda parter o qədər də önəmli deyil. Amma güləşdə qalibin taleyi 70-80 faiz parterdə müəyyənləşir. Bir üslubda bütün rəqiblərə qarşı güləşə bilməzsən.

– Mütaliə ilə aran necədir? Oxuyursansa, daha çox hansı kitabları vərəqləyirsən?

– Mütaliə ilə aram əladır. Doğrudur, daha çox dini ədəbiyyata üstünlük verirəm, amma dünya ədəbiyyatına da yaxın adamam. Hazırda Aqata Kristinin əsərini oxuyuram . Kristinin kitabları “İncil” və Uilyam Şekspirin əsərlərindən sonra dünyada ən çox satılan kitablardır. Onun 4 milyard nüsxədən artıq kitabı satılıb. Adamın 80-dan artıq detektiv romanı var. “10 zənci balası”nı oxumuşam, indi də “Saatlar”ı mütaliə edirəm. Bundan əlavə Elxan Elatlının “Bakıdan gələn xəfiyyə” romanını da oxumuşam. 300-dən artıq səhifəni 2-3 günə bitirdim. Daha sonra Xalid Hüseynlinin “Çərpələng uçuran” romanını da oxumuşam. Roman Əfqanıstandakı həyatdan və Taliban cinayətlərindən bəhs edir. Mən şeirləri də sevirəm. Nizami və Mirzə Ələkbər Sabirin vurğunuyam. Xəlil Rza Ulutürkün nəinki şeirləri, hətta həyatı mənim üçün maraqlıdır.

– Detektiv vurğunusan, Elxan Elatlının adını çəkdin, Çingiz Abdullayev qaldı.

– Yox, onu oxumuram, mən daha çox Elxan Elatlını bəyənirəm.

TAHİR MİRZƏ

Shares: