Hər bir idman növünün özünəməxsus özəllikləri, azarkeşləri, sevgi dairəsi var. Bu idman növlərindən biri də basketboldur.

Sizi bu idman növünü mükəmməl şəkildə oynayan gənc basketbolçu Sara Məmmədli ilə tanış etmək istəyirik. Böyük perspektiv vəd edən 15 yaşlı idmançının hədəfləri var. Könlünü qadın basketboluna verən Saranın seçimi çox maraqlıdır.

Sara basketbola marağının yaranmasını belə izah edir: “2022-ci ilin yayında mən “Gəncə”nin oyununa baxırdım. Doğrusu, məndə bu idman növünə həvəs oyandı. Daha sonra belə bir fikirə gəldim ki, mən də basketbol ilə məşğul olmağa başlayım. Özümü sınadım, məndə hər şeyn əla alındığı bəlli oldu”.

Sara ilk addımlarından və inkişafından qürurla danışır: “İlk məşqlər çox maraqlı idi. Ancaq sonradan daha çox həvəs yarandı. Milli Qurtuluş Gününə həsr olunmuş yarışda qızlarla və oğlanlarla çox maraqlı bir oyun keçirdik və uğur qazandıq. Hələlik şəhər və region yarışlarında nəticələrim var. Belə davam etsəm, milliyə dəvət alacağıma inanıram”.

f224f71e 1108 4cae aa91 715570329247 - Futbolinfo.az

Sara öz nailiyyətlərini diplomlarla, medallarla daha da artırır. Eyni zamanda, belə çətin idman növünə maraq göstərməsinin digər səbəbinin müəllimləri olduğunu qeyd edir. O, müəllimlərindən öyrəndiyi metodları, fərqli yolları icra edərək artıq basketbolu peşəkar şəkildə öyrənmək və bu idmanla məşğul olmaq istədiyini daha yaxşı anladığını vurğulayır: “Əslində, basketbol asan oyun deyil. Amma müəllimlərin sayəsində biz qalib gəldik. Və çox maraqlı oldu. Bu da məndə maraq oyatdı, davam etmək qərarına gəldim”.

Əzmlə çalışması, qərarlı olması Saraya bu yolda çox uğurlar qazandırıb və qazandırmağa da davam edir: “Ən birinci qürur hissi yaratdı. Çünki Azərbaycanın adını birinciliklə qazanıb, birinciliklə göstərmək çox böyük bir nailiyyətdir. Və biz çox sevinmişdik. Müəllimlərimizin qucağına qaçıb, sevincimizi onlarla bölüşdük. Milli komandaya dəvət aldıqdan sonra məsuliyyətimiz də, sevincimiz də artacaq. Zamanımı gözləyirəm, eyni zamanda yığmaya hazır olmaq üçün daha səylə hazırlaşıram”.

Basketbolla məşğul olmasına baxmayaraq, o, digər işlərini də nəzarətdən kənarda saxlamadığını qeyd etdi. Basketbol Saranın həyatında böyük yer tutur. Elə öz işini sevməsi də uğurlu olmasındakı ən böyük sirrdir: “Mən basketbolu sevdiyimə görə gələcəkdə də məşqlərə davam etmək və işimdə ustalaşmaq istəyirəm”.

d3dac695 c587 4145 bcc0 0546d9966ac2 - Futbolinfo.az

Bu işi müəllimlərindən öyrənməsinə baxmayaraq, Sara, əlbəttə ki, boş dayanmır. Evdə internet vasitəsi ilə özünə seçdiyi kumirləri izləyərək məşğul olduğu idman haqqında daha ətraflı məlumat toplayır: “Əslində ən böyük kömək müəllimlərin dəstəyi oldu. Ancaq “Youtube” videolarından da öyrənmək olar”.

BƏHRUZ MUSAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: