“Qəbələ”nin futbolçusu Eşqin Əhmədovun futbolinfo.az saytına müsahibəsi

– Çempionatın 6-cı turunda “Qarabağ”a məğlubiyyəti (0:2) necə şərh edərdiniz? 1-ci dəqiqədəcə meydanda azlıqda qalmaq komandanı ruhdan saldımı?

– “Qarabağ”ın gücünə hamı kimi əvvəldən bələd idik. Yaxşı komanda olduqlarına şübhə yoxdur. Buna görə də oyunun bizim üçün ağır keçəcəyini bilirdik. Lakin bizim bütün görüşlərdə əsas məqsədimiz qələbə qazanmaqdır. Düşünürəm ki, “Qarabağ”la qarşılaşmada da əlimizdən gələni etdik.

– Qırmızı vərəqə alaraq sizi pis vəziyyətdə qoyan Prins Ovusuya matçdan sonra komanda yoldaşlarınızla birlikdə nə dediniz? Ona irad tutdunuz, yoxsa dəstək oldunuz?

– Əlbəttə ki, Ovusu bu hərəkəti bilərəkdən etməmişdi. Onun özü də ilk dəqiqədə meydandan uzaqlaşdırıldığı üçün çox üzüldü. Biz Prinsə komanda şəklində dəstək olduq. O da bizim kimi bu heyətin gənc üzvlərindən biridir.

– 6 oyuna 4 xal toplayan “Qəbələ” hazırda turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. Bu gedişat yəqin ki, sizi razı salmır. Uğursuz startın səbəbini nədə görürsünüz?

– Əslində, hər oyuna qələbə üçün çıxırıq. Əsas məqsədimiz qalib gəlməkdir. Yaxşı və baxımlı oyun göstərdiyimizi düşünürəm. İnşallah, zamanla istədiyimiz xalları yığaraq irəliləyəcəyimizə inanıram.

– Növbəti turda “Şamaxı”nı qəbul edəcəksiniz. Bu görüşdən 3 xalla ayrılmaq mümkün olacaq?

– Əlbəttə, “Şamaxı” ilə görüşə də qələbə üçün çıxacağıq. Müdafiədə səhvsiz oynamaqla yanaşı, ön xətdə də qol vəziyyətləri yaratmalı və bunlardan istifadə etməliyik. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

– “Qəbələ”nin gənc üzvlərindən birisiniz. Kaxaber Sxadadze kimi təcrübəli məşqçi ilə birlikdə işləmək necə hissdir? Onun sizdən əsas tələbləri nələrdir?

– Ötən mövsüm I Liqada mübarizə apararkən mən 6-cı turda zədələndim. Ondan sonra 8 ay yaşıl meydanlardan uzaq qaldım. Lakin baş məşqçimizə təşəkkürümü bildirirəm ki, mənə dəstək və etimad göstərdi. Mənə əsas komandanın heyətində şans verməkdə davam edir. Mən də onun etimadını doğrultmaq üçün əlimdən gələni etməyə çalışıram.

– Siz də 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvüsünüz. Oktyabrda səfərdə Çexiya və evdə Şotlandiya ilə keçiriləcək matçlardan gözləntiniz nədir? Yaxşı nəticələrlə xalqımızı sevindirə biləcəksiniz?

– Milli komandanın heyətində biz Azərbaycanı təmsil edirik. Bu isə üzərimizdəki məsuliyyəti daha da artırır. Hər oyunda qələbə qazanmaq istəyimiz pik səviyyədə olur. Ümid edirəm və inanıram ki, qarşıdakı matçlarda qələbə qazanaraq xalqımızı sevindirəcəyik.

AĞA

Shares: