“Hər oyuna qələbə əzmi ilə çıxırıq. Təbii ki, biz də hər zaman turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmaq istəyirik. Bunun üçün hər matçda maksimumumuzu ortaya qoyuruq. Lakin bəzən istədiyimiz nəticəni əldə etmək mümkün olmur. Ümid edirik ki, bu mövsüm bizim üçün daha fərqli keçəcək. Gücümüzü səfərbər edərək çempionatda yüksək mövqelər uğrunda mübarizə aparacağıq”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Şakir Seyidov deyib.

25 yaşlı futbolçu Misli Premyer Liqasının ilk turunda səfərdə “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları görüşü də şərh edib:

“İlk növbədə “Sabah”ı Çempionlar Liqasındakı çıxışına görə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram. Oturuşmuş və keyfiyyətli futbolçulardan təşkil olunmuş komandaya qarşı oynayacağımızı bilirdik. Buna görə də matça yaxşı hazırlaşmışdıq. Meydanda bacardığımız qədər mübarizə apardıq. Təəssüf ki, göstərdiyimiz səylərə baxmayaraq, istəyimizə nail ola bilmədik və məğlub olduq. Artıq diqqətimizi qarşıdakı qarşılaşmalara yönəldəcəyik”.

Seyidov komandanın yeni mövsümə tam heyətlə başlamamasının uyğunlaşma prosesinə təsir etdiyini bildirib:

“Hazırlıq çərçivəsində keçirdiyimiz yoldaşlıq oyunlarında bəzi futbolçular bizimlə birlikdə deyildi. Zaman keçdikcə bir-birimizə daha yaxşı uyğunlaşacağıq. Hələ komandaya qoşulmayan oyunçular da var. Hamı kollektivə qoşulduqdan sonra daha komplekt və effektiv komanda formalaşdıracağımıza inanıram”.

Yarımmüdafiəçi mövsümün ilk turlarında güclü rəqiblərlə qarşılaşmalarının komandaya əlavə çətinlik yaratdığını söyləyib:

“Artıq bir neçə ildir ki, çempionatın ilk turlarında ciddi rəqiblərlə qarşılaşırıq. Bu mövsüm də başlanğıc bizim üçün müəyyən qədər çətin olacaq. Amma bunun öhdəsindən gəlmək üçün əlimizdən gələni edəcəyik. Onsuz da mövsüm ərzində bütün rəqiblərlə qarşılaşmalıyıq. Çempionatın reallığı belədir və hər oyuna uyğun şəkildə hazırlaşmalıyıq”.

Şakir azarkeşlərin komandaya dəstəyindən danışaraq Gəncədə oynamağın onlara əlavə motivasiya verəcəyini vurğulayıb:

“Azarkeşlərimizə təşəkkür edirəm ki, hər oyunda tribunaları dolduraraq bizi yalnız buraxmırlar. İllərdir müxtəlif stadionlarda çıxış etsək də, onlar heç vaxt dəstəyini əsirgəməyiblər. Yenidən Gəncəyə, doğma stadionumuza qayıtmaq və həmin atmosferdə oynamaq bizim üçün böyük motivasiya olacaq. Artıq bir neçə ildir ki, orada çıxış etmirdik. Əminəm ki, Gəncədəki atmosfer və azarkeş dəstəyi ilə komandamız böyük rəqiblər üçün ciddi başağrısına çevriləcək”.

GÜNAY SÜLEYMANOVA

Shares: