Misli Premyer Liqasının XXXI turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (2:1) sonra meydan sahibi komandanın məşqçisi Veliçko Kaplanoviç jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, cəzalı baş məşqçi Saşa İliçi əvəz edən mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib: “Futbolçulara təşəkkür edirəm, yaxşı nəticə qazandıq. Birinci hissədəki oyunumuzdan razı qaldım. Amma fasilədən sonra rəqib üstünlüyü ələ aldı və fərdi səhvimizdən yararlandılar. Qoldan sonra temp aşağı düşdü. Şadam ki, xarakter göstərib, istədiyimiz nəticəni əldə etdik. “Barselona” kimi oynamasaq da, yaxşı qələbə oldu. Bu gün bəzi gənc futbolçulara da şans verdik”.
Kaplanoviç ikinci hissədə rəqibn təşəbbüsü ələ almasına belə zah verib: “Araz-Naxçıvan” keyfiyyətli komandadır. Fərdi olaraq yaxşı oyunçulara sahibdirlər. Ən böyük problem o idi ki, tez-tez ötürmə səhvlərinə yol verdik. Buna görə üstünlük onlara keçirdi” (futbolpress.az).






