“Böyük velosiped yarışı Azərbaycana qayıdıb”.

Futbolinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

O, bu gün başa çatan “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışı ilə bağlı fikirlərini bölüşüb:

“Bu, bizim üçün çox xoş haldır. Paytaxtımızda çox sayda irimiqyaslı yarışlar keçirilir. Çünki Bakı dünyanın idman paytaxtı seçilib. Cüdo və sumo üzrə dünya çempionatı, voleybol üzrə Avropa çempionatının oyunları və digər növlərdə də beynəlxalq turnirlər, Dünya Kubokları baş tutacaq. Daha əvvəl də Azərbaycanda beynəlxalq velosiped yarışları təşkil edilib. Böyük velosiped yarışı yenidən ölkəmizə qayıtdı. Doğma Qarabağımızda olması da sevindirici haldır, xüsusi hisslərdir. Yerli və gənc idmançılarımız da yarışa qatılıblar. İnanıram ki, növbəti mərhələlərdə onlar da sözlərini deyəcəklər. Azərbaycan Velosiped İdmanı Federasiyasına təşəkkür edirəm. Bu cür yarışları təşkil etmək asan deyil. Hava şəraitini də nəzərə almaq lazımdır”.

F.Qayıbov federasiyanın təşkilatçılıq baxımından böyük işlər gördüyünü vurğulayıb:

“Marşrut 20-dən çox rayonu əhatə etdi. Böyük məsafə var idi. Bu təşkilatçılğın arxasında böyük iş dayanır. Ölkə başçısının Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə xüsusi tapşırıqları var. Müxtəlif rayonlarda, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq turnirlər keçirilir. Həm idman azarkeşlərini, həm də Xankəndi sakinlərini təbrik edirəm”.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparıb. Turnirin mükafat fondu 50 000 avrodan çox olub.

Shares: