“Oyun ərzində çətin anlar yaşadıq. Buna baxmayaraq, hesabda tarazlığı bərpa edib, daha sonra qələbə qazana bildik. Bunun nəticəsində Konfrans Liqasına vəsiqəni təmin etdik. Buna görə çox xoşbəxtəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Freddi Varqas “Sabah” üzərində 2:1 hesablı qələbə haqda danışarkən deyib.
27 yaşlı cinah oyunçusu “Neftçi”nin avrokuboklara qayıdışının klub üçün böyük önəm daşıdığını vurğulayıb: “Neftçi” böyük klubdur. Burada hər birimiz bir ailə kimiyik. Hamımız birlikdə komandanın daha da irəli getməsi üçün əlimizdən gələni edəcəyik. Mən əvvəllər heç vaxt avrokuboklarda iştirak etməmişəm. Buna görə də bu, mənim üçün ilk və unudulmaz təcrübə olacaq”.
Futbolçu mövsümün gedişinə də toxunaraq əsas məqsədin çempionluq olduğunu, lakin itirilən xalların yekun nəticəyə təsir etdiyini bildirib: “Neftçi”də əsas prioritet hər zaman çempionluqdur. Biz də mövsümün əvvəlində bu məqsədə köklənmişdik. Amma oyunlar istədiyimiz kimi getmirdi, arzuladığımız nəticələri ala bilmirdik. Bəzi matçlarda xalları son saniyələrdə itirdik. Bu da növbəti oyunlardakı çıxışımıza təsirsiz ötüşmədi. Nəticədə Konfrans Liqası ilə kifayətlənməli olduq. Əgər mövsümün ilk yarısından bu cür oynasaydıq, çempionluq uğrunda mübarizə apara bilərdik”.
O, gələcəyi ilə bağlı da danışıb: “Komandaya ilk gəldiyim gündən azarkeşlər məni çox yaxşı qarşıladılar. “Neftçi”də olduğum üçün çox məmnunam. Hazırda qarşıda son bir oyunumuz qalıb və bütün fikrim klubdadır. Hələlik heç bir təklif yoxdur. Gələcəkdə nələrin olacağını isə zaman göstərəcək”.
Varqas sonda “Karvan-Yevlax”a vurduğu və sosial şəbəkələrdə böyük maraq doğuran qolu barədə də danışıb: “Bu qol həm mənim, həm də klub üçün çox xoş oldu. Video azarkeşlər tərəfindən böyük maraqla qarşılandı və yüksək baxış sayı topladı. Daha əvvəl də oxşar qollar vurmuşdum, amma belə bir qol olmamışdı. Buna görə də həmin qol karyeramda xüsusi yer tutur”.
GÜNAY SÜLEYMANOVA






