“Sabah” və “İmişli” Misli Premyer Liqasında mövsümü eyni ssenari ilə başa vurub.
Futbolinfo.az saytının məlumatına görə, “Sabah” mövsümü səfərdə məğlub olmadan, “İmişli” isə evdə qələbə qazanmadan yekunlaşdırıb.
Sonuncu – 33-cü turda çempion bürünc mükafatçı “Turan Tovuz”u səfərdə 2:1 hesabı ilə üstələyib. Valdas Dambrauskasın yetirmələri qonaq olduğu matçlarda ardıcıl 5-ci, ümumilikdə isə 13-cü qələbəsini qazanıb. “Bayquşlar” digər 3 görüşdə rəqibləri ilə sülh bağlayıb.
“İmişli” isə son turda elitanı tərk edən “Karvan-Yevlax”ın müqavimətini qıra bilməyib – 1:1. Bölgə komandası çempionatda keçirdiyi 16 ev görüşünün 10-da bərabərliklə təsəlli tapıb. Digər 6 matçda (1-i texniki) isə rəqib səfərdən 3 xalla dönüb.
Beləliklə, “Sabah” səfərdə məğlub olmayan, “İmişli” isə evdə qələbə qazanmayan yeganə komanda olub.
Bundan başqa, “Turan Tovuz”un öz meydanında məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Tovuzlular “Sabah”a uduzaraq, 8 turdan sonra evdə yenilgi üzü görüb. Maraqlıdır ki, “Turan Tovuz” bundan əvvəlki ev məğlubiyyətini 15-ci turda məhz “Sabah”dan (1:3) almışdı.
Həmçinin “Qəbələ” doğma azarkeşləri önündə “Şamaxı”nı üstələyərək (3:1), evdəki 7 oyunluq qələbə həsrətinə son qoyub.
Səfərdə ardıcıl 3-cü qələbəsini qazanan “Neftçi” isə qonaq meydanındakı məğlubiyyətsizlik seriyasını 10-a çatdırıb. “Ağ-qaralar” axırıncı dəfə 14-cü turda “Sabah” səfərindən əliboş dönüb (0:2).






