Misli Premyer Liqasının sonuncu – 33-cü turu məhsuldar alındı. Təsadüfi deyil ki, qapılara ümumilikdə 22 qol vuruldu. Cəmi 1 heç-heçənin qeydə alındığı turun 2 oyununda ev sahibləri, 3 matçında isə qonaqlar qələbəni bayram etdilər.
Turun oyunu
Turun ən bolqollu matçı Sumqayıtda yerli komanda ilə “Qarabağ” arasında keçirildi. Hər iki tərəfin meydana ehtiyat qüvvə ilə çıxmasına baxmayaraq, görüşü tribunadan izləyən 6800 tamaşaçı və ekranlar qarşısında əyləşənlər dramatik mübarizəyə şahidlik etdilər. Ağdam klubu fasiləyə 2:0 hesablı üstünlüklə yollansa da, “kimyaçılar” oyundan qopmadılar və ikinci hissədə rəqibə həyəcanlı anlar yaşada bildilər. “Sumqayıt” fasilədən sonra 3 dəfə hesab arasındakı fərqi azaltsa da, meydanı xalla tərk etməyə gücü çatmadı. Beləliklə, 7 turun vurulduğu qarşılaşmadan “Qarabağ” 3 xalla ayrıldı.
Turun qələbəsi
Turun mərkəzi görüşü cari mövsümün çempionu ilə bürünc mükafatçısı arasında keçirildi. Qarşılaşma heç bir önəm kəsb etmədiyi üçün hər iki komandanın baş məşqçisi meydana ehtiyat qüvvədən xeyli sayda oyunçu buraxmışdı. Hər hissədə 1 dəfə fərqlənən “Sabah”a “Turan Tovuz” tək qolla qarşılıq verə bildi. Nəticədə bu sezon “qızıl dubl”a imza atan “bayquşlar” mövsümü qələbə ilə də bitirməyi bacardılar.
Turun məşqçisi
“Qəbələ” cari mövsümdə zəif nəticə ilə yadda qalmasına baxmayaraq, ötən turda olduğu kimi, son turda da qələbə qazanmağı bacardı. Düzdür, rəqib “Şamaxı” meydana əsas heyətin əksər üzvləri olmadan çıxmışdı. Buna baxmayaraq, “Qəbələ”nin inamlı və istəkli oyununu da xüsusi vurğulamalıyıq. “Qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadze yetirmələrini bu görüşə yaxşı motivasiya edə bilmişdi. Həddən artıq istəkli görünən “Qəbələ” görüşün taleyini ilk hissədəcə həll etdi. 3:1 hesablı üstünlüyünü sonadək qoruyan bölgə təmsilçisi Premyer Liqada qalmaq uğrunda “Mingəçevir”lə keçirəcəyi pley-off matçından öncə psixoloji hazırlığını yaxşılaşdırmış oldu.
Turun futbolçusu
Düzdür, “Qarabağ”ın heyətində iki qol vuran Ramil Şeydayev və 1 qol, 1 assistlə yadda qalan “Sabah”ın üzvü Xəyal Əliyev də turu yüksək səviyyədə keçirdilər. Ancaq bir futbolçunu daha çox fərqləndirməyi lazım bildik. Söhbət “Qəbələ”nin yarımmüdafiəçisi Adriel Ba Louadan gedir. O, “Şamaxı” ilə görüşü yüksək səviyyədə keçirdi. “Qəbələ”nin “50 nömrəsi” komandasının vurduğu hər 3 qolda məhsuldar ötürmə ilə yadda qaldı. Bu görüşdə 63 dəqiqə meydanda qalan Adrielin üçqat assist müəllifi olması üçün cəmi 36 dəqiqə bəs etdi.
Turun qapıçısı
“Araz-Naxçıvan”ın qolkiperi Tərlan Əhmədli “Zirə” ilə görüşdə penalti dəf etdi. “Sabah”ın gənc qapıçısı Rəvan Mirzəmmədov isə Premyer Liqada keçirdiyi debüt oyununda – “Turan Tovuz”la matçda inamlı təsir bağışladı, 3-4 epizodda komandasını qoldan xilas etdi. Ancaq onlarla müqayisədə “Neftçi”nin çərçivə qoruyucusu Emil Balayevi “turun qapıçısı” adına daha çox layiq bildik. Balayev “Kəpəz”lə qarşılaşmada bir neçə seyvlə yadda qaldı. Üstəlik, onun bu tur qapısından qol buraxmayan yeganə qapıçı olması da seçimimizə təsir etdi.
Turun qolu
“Sumqayıt” – “Qarabağ” matçında (3:4) Ramil Şeydayevin meydan sahiblərinin qapısına paraşüt zərbə ilə vurduğu qol da baxımlı alındı. Lakin “turun qolu” adına “Sabah”ın oyunçusu Xəyal Əliyevin “Turan Tovuz”la görüşdə imza atdığı qol daha çox layiqdir. Xəyal 63-cü dəqiqədə uzaq məsafədən “doqquzluğa” fantastik qol vurdu. Onun qüvvətli və dəqiq zərbəsi qarşısında tovuzluların qapıçısı Sergey Samok aciz qaldı.
Turun antiqəhrəmanı
“Neftçi”nin futbolçusu İfeanyi Metyu “Kəpəz”lə görüşün 65-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu. Ancaq bu məqam “ağ-qaralar”ın meydanı qələbə ilə tərk etməsinə mane olmadı. Bu mənada, “turun antiqəhrəmanı” olaraq “Zirə”nin braziliyalı futbolçusu Martins Junioru seçdik. Düzdür, “Araz-Naxçıvan”la matçın 58-ci dəqiqəsində meydana daxil olan Martins oyuna yaxşı qoşuldu. Əvvəlcə hesab arasındakı fərqi azaltdı, sonra isə komandasına penalti qazandırdı. Ancaq 11 metrlik cərimə zərbəsinin yerinə yetirilməsində komanda yoldaşı Eren Aydına güzəşt etməyən “sambaçı” bunun acısını çəkdi. O, 90+6-cı dəqiqədə rəqib qapıçı Tərlan Əhmədli ilə dueldən məğlub ayrılaraq, penaltini qola çevirə bilmədi. Martinsin bu səhvi “Zirə”nin meydanı 1 xalla tərk etməsini əngəllədi.
CAVAD






