Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıq prosesini başa vurub.
Futbolinfo.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu komanda Ankarada təşkil olunan təlim-məşq toplanışının son mərhələsini yekunlaşdırıb və iyunun 5-də yarışın ilk turunun oyunlarının keçiriləcəyi İsveçə yola düşəcək.
Ankaradakı toplanış çərçivəsində Türkiyə yığması ilə iki yoxlama oyunu da keçirilib. Oyunların birində ev sahibi 3:0 hesabı ilə qalib gəlib, ikinci qarşılaşmada isə 2:2 hesabı qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyununu iyunun 6-da Yunanıstan yığmasına qarşı keçirəcək. Komanda növbəti matçda isə iyunun 7-də ev sahibi İsveçlə qarşılaşacaq.






