Beynəlxalq Avtomobil Federasiyası (FIA), Formula 1 komandaları və mühərrik istehsalçıları 2027 və 2028-ci illər üçün texniki, idman və maliyyə reqlamentlərinə dair dəyişikliklər paketini razılaşdırıblar.
Yeni qaydalara əsasən, daxiliyanma mühərriki ilə elektromotor arasında güc bölgüsünün mərhələli şəkildə dəyişdirilməsi nəzərdə tutulur. Eyni zamanda, daxiliyanma mühərrikinin gücü, yanacaq sərfiyyatı və hibrid sistemin fəaliyyəti ilə bağlı da düzəlişlərin edilməsi planlaşdırılır. Dəyişikliklərin əsas məqsədi 2026-cı il mövsümünün əvvəlində pilotların üzləşdiyi enerji idarəetməsi problemlərini aradan qaldırmaq və təsnifat yürüşlərini daha rəqabətli etməkdir.
Təklif olunan düzəlişlər iyunun 23-də Makaoda keçiriləcək Ümumdünya Avtomobil İdmanı Şurasının iclasında təsdiq üçün təqdim olunacaq. Gözlənilir ki, 2027-ci ildən etibarən güc bölgüsü daxiliyanma mühərriki və elektromotor arasında 58/42 faiz nisbətində olacaq. 2028-ci ildən isə bu göstəricinin 60 faiz/40 faizə çatdırılması, həmçinin yanacaq sərfiyyatının 13 faiz artırılması planlaşdırılır.






