UFC-nin yarımyüngül və yüngül çəki dərəcələrində sabiq çempionu, irlandiyalı Konor Makqreqor Şimali Belfastda baş verən bıçaqlanma hadisəsindən sonra İrlandiya hökumətinin miqrasiya siyasətini sərt şəkildə tənqid edib.

Hadisə iyunun 8-i axşam saatlarında şəhərin küçələrindən birində qeydə alınıb. Məlumata görə, yerli sakinə bıçaqla hücum etməkdə şübhəli bilinən şəxs üç il əvvəl Dublindən Belfasta köçmüş, Sudandan olan 30 yaşlı sığınacaq axtaran şəxsdir.

Makqreqor sosial şəbəkədəki paylaşımında vəziyyəti “absurd” adlandırıb: “Bizə Sudan, Somali və Əlcəzair də daxil olmaqla bir çox ölkələrə səfər etməmək tövsiyə olunur. Eyni zamanda həmin ölkələrdən olan qaçqınlar bütün xərcləri qarşılanaraq ölkəyə dəvət edilir. Bu adada baş verənlər sadəcə absurddur”, – deyə o bildirib.

Məlumata görə, Sudan vətəndaşına qarşı qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb. Hücuma məruz qalan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisədən bir gün sonra Belfastda iğtişaşlar baş verib. Yüzlərlə maskalı şəxs miqrantlara məxsus evləri, avtomobilləri və mağazaları yandırıb. Hadisələrlə bağlı araşdırma davam edir.

Shares: