UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə”nın rəqibi olan Kutaisi “Torpedo”su Gürcüstan futbolunun ən köklü və titullu klublarından biridir. Ölkənin üçüncü böyük şəhəri Kutaisini təmsil edən komanda tarix boyu həm SSRİ futbolunda, həm də müstəqil Gürcüstan çempionatında mühüm rol oynayıb.
Hazırda Gürcüstanın ən uğurlu ikinci klubu hesab olunan “Torpedo” 4 dəfə ölkə çempionu, 5 dəfə Gürcüstan Kubokunun və 3 dəfə Superkubokun qalibi olub.
Klub 1946-cı ildə Kutaisi Avtomobil Zavodunun futbol komandası kimi yaradılıb. İlk böyük uğur 1949-cu ildə Gürcüstan SSR çempionatının qazanılması ilə gəlib. 1959-cu ildə “Lokomotiv” (Kutaisi) ilə birləşən komanda öz adını qoruyub saxlayıb və bir neçə il sonra SSRİ-nin yüksək liqasına yüksəlib. “Torpedo” uzun illər Sovet futbolunun elitasında çıxış edib və bu klub Gürcüstan futboluna çoxlu məşhur oyunçular bəxş edib. Hətta Tiflis “Dinamo”su 1981-ci ildə Kuboklar Kubokunu qazandıqda heyətdəki futbolçulardan beşi vaxtilə Kutaisi “Torpedo”sunun formasını geyinənlər idi.
Müstəqil Gürcüstan çempionatının yaradılmasından sonra klub özünün ən uğurlu dövrünü yaşayıb. 1999–2002-ci illər arasında “Torpedo” ölkə futbolunda dominant qüvvəyə çevrilib və qısa müddətdə beş daxili titul qazanıb. Həmin illərdə Gürcüstan milli komandasının bir sıra aparıcı üzvləri məhz Kutaisi təmsilçisinin heyətində çıxış edib. Klub həm də ölkənin ən tanınmış məşqçilərinin fəaliyyət göstərdiyi futbol mərkəzlərindən birinə çevrilib.

Amma uğurların ardınca ciddi maliyyə problemləri də yaşanıb. 2005-ci ildə üçqat Gürcüstan çempionu və ikiqat ölkə kuboku sahibi olan klub müflis elan edilib. Avrokuboklarda BATE-yə 0:5 hesablı məğlubiyyətdən sonra fəaliyyətini dayandıran “Torpedo”nun yerində yeni klub yaradılsa da, o, əvvəlki komandanın hüquqi varisi sayılmırdı. Sonrakı illərdə Kutaisi təmsilçisi həm maliyyə, həm də idman baxımından çətin dövr keçirib və aşağı liqalara qədər geriləyib.
2010-cu ildə ikinci liqanın qalibi kimi elitaya qayıdan komanda tədricən əvvəlki nüfuzunu bərpa etməyə başlayıb. 2016-cı ildə 15 illik fasilədən sonra Gürcüstan Kubokunu qazanan “Torpedo” yenidən ölkənin aparıcı klubları sırasına daxil olub. Həmin il klubun başına keçmiş futbolçusu və “Simurq”dan yaxşı tanıdığımız Kaxa Çxetiani gətirilib və bu qərar sonrakı uğurların əsasını qoyub.
“Torpedo”nun müasir tarixində ən yaddaqalan hadisələrdən biri 2017-ci ildə yaşanıb. Gürcüstan çempionluğunun taleyi son turun son saniyələrinə qədər davam edən dramatik mübarizədə həll olunurdu. Tiflis “Dinamo”su ilə həlledici qarşılaşmada “Torpedo”ya yalnız qələbə lazım idi. Oyunun son dəqiqəsində rəqib penalti qazansa da, qapıçı Roin Kvasxvadze zərbəni dəf edib və Kutaisi təmsilçisi 15 ildən sonra məhz Çxetianinin başçılığı altında yenidən ölkə çempionu olub. Bu qələbə klub tarixinin ən emosional uğurlarından biri hesab edilir.
2018-ci ildə “Torpedo” ilk dəfə ölkə Superkuboku qazanıb, daha sonra ölkə kubokunu da başı üzərinə qaldırıb. Həmin mövsüm komanda Avropa Liqasında iki mərhələ keçərək pley-offa qədər yüksəlib və yalnız Bolqarıstanın güclü “Ludoqorets” klubuna uduzub.
Sonrakı illərdə klub yenidən maliyyə çətinlikləri ilə üzləşib. Bir ara vəziyyət o qədər ağır idi ki, komanda çempionat oyunlarından birinə əsasən yeniyetmələrdən ibarət heyətlə çıxmağa məcbur olub.
2021-ci ildə klub “New Vision University” tərəfindən satın alındıqdan sonra belə desək, sabitlik bərpa edilib. Bunun nəticəsində “Torpedo” yenidən yüksəlişə keçib, 2022-ci ildə Gürcüstan Kubokunu qazanıb, 2023-cü ildə ölkə çempionatını ilk üçlükdə başa vurub və 2024-cü ildə tarixində üçüncü dəfə Superkubokun sahibi olub.
Bu gün Kutaisi “Torpedo”su Gürcüstan futbolunun ən böyük ənənələrə malik klublarından biri hesab olunur. On minlərlə azarkeşin dəstək verdiyi komanda ölkənin ən böyük stadionlarından biri olan əfsanəvi futbolçu Ramaz Şengeliyanın adını daşıyan stadionda çıxış edir və hər mövsüm həm daxili yarışlarda, həm də avrokuboklarda maraqlı çıxışı ilə diqqət çəkir.
Bu, “Torpedo”ya yuxarıdan “qartal” baxışı idi, oyun ərəfəsində heyətə qədər enib rəqibin dəsti xəttini “caynaqlayacağıq”… Əsas işi isə Zirənin “qartallar”ı görməli olacaq.
ABBAS






