“Hər zaman çıxış etdiyim komandalarda sağlam rəqabət aparmağa və sabit performans sərgiləməyə çalışmışam. Əksər hallarda buna nail olmuşam və özümü göstərməyi bacarmışam. Hazırkı dönəmdə də məqsədim qoşulacağım komandaya faydalı olmaq, həm meydanda təcrübəmlə kömək etmək, həm də kollektivə meydandan kənarda dəstək verməkdir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında qapıçı Rəşad Əzizli deyib.

Ötən mövsümü “Səbail”də keçirən futbolçu mövsümü belə dəyərləndirib: “Ümumilikdə, mövsüm ərzində müəyyən çətinliklər oldu. Təəssüf ki, komanda olaraq arzuladığımız nəticələri əldə edə bilmədik. Bununla belə, şəxsi performansım baxımından mövsümü uğurlu hesab edirəm. I Liqada ən az qol buraxan qapıçı oldum. Oyun praktikası ilə bağlı da problem yaşamadım, mövsüm ərzində cəmi bir qarşılaşmada iştirak etmədim. İnanıram ki, çəkdiyim zəhmətin qarşılığını mütləq alacağam və əziyyətim yerdə qalmayacaq”.

Təcrübəli qolkiper qapıçı mövqeyində yaş faktorunun əhəmiyyətinə də toxunub: “Qapıçılar üçün inkişaf hər il daha çox hiss olunur. Hesab edirəm ki, qapıçının ən yaxşı dönəmi 30 yaşdan sonra başlayır. Bunu dünya futbolunda da aydın görürük. Bir çox tanınmış qapıçılar məhz bu yaşlardan sonra daha yüksək səviyyəyə çatırlar. Mən də özümü yaxşı formada hiss edirəm və hələ uzun illər yüksək səviyyədə çıxış edə biləcəyimə inanıram”.

Hazırda klubsuz olan Əzizli gələcək planları barədə də danışıb: “Karyeramı harada davam etdirəcəyimlə bağlı hələlik konkret variant yoxdur. Düşünürəm ki, yaxın günlərdə bu məsələyə aydınlıq gələcək. Təklifləri dəyərləndiririk və mənim üçün ən uyğun seçimi etməyə çalışırıq”.

Sonda o, hədəflərindən də söz açıb: “Əsas məqsədim daim öz üzərimdə çalışmaq və qarşıma çıxan imkanlardan maksimum yararlanmaqdır. Futbolda inkişafın sonu yoxdur. Hər gün daha yaxşı olmaq üçün çalışmalı və qarşına çıxan şansları düzgün dəyərləndirməlisən”.

GÜNAY SÜLEYMANOVA

Shares: