“Srvena Zvezda”nın hücumçusu Şavi Babika yeni mövsümü harada keçirəcəyini hələ müəyyənləşdirməyib.
Futbolinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı forvard bu ölkəyə qayıtmağa daha yaxındır.
Hazırda onun uğrunda Kiprin “Omoniya”, Yunanıstanın AEK və Azərbaycanın “Qarabağ” klubu rəqabət aparır. Qabon millisinin üzvü üçün “Omoniya” prioritet hesab olunur. Futbolçu daha əvvəl 3 il Kiprdə “Aris”in formasını geyindiyindən, həmin ölkəyə qayıtmağa daha isti yanaşır.
Geridə qalan mövsümü icarə əsasında Türkiyənin “Fatih Karagümrük” klubunda keçirən Babika “Srvena Zvezda”ya qayıtsa da, Serbiya klubu onu heyətdə saxlamaqda maraqlı deyil. Hücumçunun “Srvena Zvezda” ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.






