Azərbaycanın altı çimərlik güləşçisi iyunun 20-21-də Gürcüstanın Batumi şəhərində böyüklər arasında keçiriləcək Dünya Seriyasının III mərhələsində iştirak edəcək.
Bu barədə Futbolinfo.az-a Azərbaycan Güləş Federasiyasından bildirilib.
Milli komandanın baş məşqçisi Oyan Nəzərianinin rəhbərliyi altında qonşu ölkədə Rübail İbrahimli (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparacaq.
İlk yarış günündə təsnifat mərhələsinin və qruplarda ilk 2 turun görüşləri keçiriləcək. Növbəti gün isə qrup mərhələsində sonuncu turun görüşləri, yarımfinallar və medallar uğrunda qarşılaşmalar baş tutacaq.
Qeyd edək ki, Dünya Seriyasında I-S dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.






