“Xəzər Lənkəran”ın sabiq rumıniyalı yarımmüdafiəçisi Adrian Pitin futbolinfo.az saytına müsahibəsi
– “Sabah”ın son mövsümdə həm Misli Premyer Liqası, həm də Azərbaycan Kubokunun qalibi olması sizi təəccübləndirdimi?
– Futbolda sürpriz deyə bir şey yoxdur. Hər şey zəhmət və fədakarlıqla bağlıdır. Əgər bir komanda çempionluğu ən yaxın izləyicisindən 9 xal fərqlə qazanırsa, bu, şans deyil. “Sabah” yaxşı iş gördü. Baş məşqçilərinin beynəlxalq təcrübəsi var, müxtəlif ölkələrdə bir çox komandaları çalışdırıb.
– “Sabah” UEFA Çempionlar Liqasında mübarizəyə Uels təmsilçisi TNS ilə oyunlarla başlayacaq. “Bayquşlar”ın növbəti mərhələyə çıxmaq şansını necə dəyərləndirirsiniz? Sizcə, “Sabah” “Qarabağ”ın uğurunu təkrarlaya, Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazana biləcək?
– Bu turnirdə iştirak edən komandalar öz ölkələrinin ən yaxşılarıdır. Elə bu məqam “Sabah”ın son illərdə düzgün işlədiyini, inkişafda olduğunu göstərir. “Qarabağ”ın uğurunu təkrarlamaq asan deyil, amma qeyri-mümkün də deyil. “Sabah” üçün bu, Çempionlar Liqasında ilk təcrübədir. Azərbaycan futbolunu layiqincə təmsil etmələri üçün onlara uğur arzulayıram.
– “Qarabağ” isə Avropa Liqasında mübarizəyə “Vestri” (İslandiya) ilə oyunlarla start verəcək. Hazırda komandanın heyətində ciddi dəyişikliklər gedir. Bu məqam “Qarabağ”ın növbəti mövsümdəki çıxışına necə təsir göstərəcək?
– Böyük dəyişikliklərin yaşandığı dövrdə adətən nəticələr qurban verilir. Amma istənilən halda “Qarabağ”ın son illərdə formalaşmış futbol kimliyi və sistemi çox sağlamdır. Əminəm ki, onlar həmişəki kimi uğurlu çıxış edəcəklər.
– “Zirə” və “Neftçi”dən Konfrans Liqasında hansı nəticəni gözləyirsiniz?
– Mənim üçün uğurlu idarəetmənin ən yaxşı nümunəsi “Qarabağ”dır. Onlar hamı üçün örnəkdirlər. Bir ailə kimi komanda qurmaq üçün vaxt lazımdır. “Zirə” və “Neftçi”yə də avrokuboklarda yaxşı nəticələr arzulayıram. İnşallah, uğurlu çıxış edərlər.
– Azərbaycan Premyer Liqasının hazırkı səviyyəsi barədə hansı fikirdəsiniz? Liqanın səviyyəsində artım hiss edirsiniz?
– Mən həmişə Azərbaycan futbolunun nəticələrini və ölkəyə gələn legionerləri izləyirəm. Əminliklə deyirəm ki, çempionatın səviyyəsi yüksəlib. Çünki Azərbaycana çoxlu keyfiyyətli futbolçular və məşqçilər gəlir. Həmçinin “Qarabağ”ın uğurları liqanın xaricdə daha çox izlənilməsinə kömək edir.
– Sabiq komandanız “Xəzər Lənkəran”ın bərpa ediləcəyi ilə bağlı yenidən xəbərlər yayılıb. Bu yaxınlarda “ağ-yaşıllar”ın keçmiş oyunçuları Zaur Ramazanov və Alim Qurbanov klubun sabiq prezidenti Mübariz Mənsimovla Türkiyədə görüşdülər. Siz “Xəzər Lənkəran”ın bərpa ediləcəyinə inanırsınız?
– “Xəzər Lənkəran”la bağlı xəbərləri internetdən izlədim. Ümid edirəm ki, klub bütün azarkeşləri və şəhər üçün yenidən qayıdacaq. Belə olsa, mən də övladlarımla birlikdə Lənkərana gedib oyunları izləyə bilərəm.
– Rumıniya yığmasının DÇ-2026-dan kənarda qalması sizə necə təsir etdi? Mundialın favoriti kimi hesab edirsiniz?
– Milli komandamız üçün üzülürəm. Çünki həmin futbolçuların bir çoxu ilə oynamışam və onları şəxsən tanıyıram. Amma əlimizə düşən fürsətlərdən istifadə etmiriksə, dünya çempionatına getməyə layiq deyilik. Biz çox güclü rəqiblərlə oynamırdıq. Buna rəğmən, vəsiqə qazana bilmədik. Deməli, dünya çempionatında olmağı haqq etmədik. O ki qaldı mundialın favoritinə, Argentinanın adını çəkərdim. Ümid edirəm ki, Messi yenidən dünya çempionu olacaq.
– Azərbaycan yığmasının müdafiəçisi Cəlal Hüseynov “Petrolul” ilə 2 illik müqavilə bağladı. Onun Rumıniya klubuna keçidi haqda fikriniz necədir? Cəlalın “Petrolul”da özünü yaxşı tərəfdən göstərəcəyinə inanırsınız?
– Onun adına sevinirəm. Ümid edirəm ki, Rumıniyaya gəlişi Cəlal üçün yaxşı bir təcrübə olacaq. Hüseynov “Petrolul”da oynamaqdan zövq almalı, özünü yaxşı tərəfdən göstərməyə çalışmalıdır. Necə olacağını zaman göstərəcək.
ABBAS





