“Səbail”də yaxşı işlər görməyə çalışdıq. Nələrsə alındı, nələrsə alınmadı. Hamısı göz önündədir, ictimaiyyət qərar versin. Biz çalışdıq ki, işimizi ən yaxşı şəkildə görək. Düşünürəm ki, bəzi nüansları nəzərə almasaq, yaxşı işlər görə bildik”.

Bunu futbolinfo.az-a açıqlamasında I Liqa təmsilçisi “Səbail”dən ayrılan Adil Şükürov deyib.

49 yaşlı mütəxəssis 7 ay sonra “dənizçilər”in sükanı arxasından ayrılmasından danışıb:

“İlk növbədə klubda birgə çalışdığım hər kəsə təşəkkür edirəm. Həqiqətən dəyərli insanlardır, bu gündən sonra da o cür qalacaqlar.

Müqaviləm bitmişdi. Sadəcə müqaviləni artırmadıq. Yeni rəhbərlik gəlir. Onların öz məşqçiləri var, yəqin ki, kiminləsə danışırlar. Hər kəsə uğurlar arzulayıram. Ümidvaram, hər kəs üçün uğurlu olar”.

Şükürov hələlik yeni çağırışların olmadığını bildirib:

“Hazırda təklifim yoxdur. Yəqin bundan sonra olar. Kiminsə əməkdaşlıqla bağlı fikri olsa, mənimlə əlaqə saxlayar”.

Qeyd edək ki, “Səbail” 2025/2026 mövsümündə 50 xal toplayaraq turnir cədvəlini 3-cü pillədə başa vurub.

Shares: