Müsahibə

“Vaxtımız çox deyil, qələbəyə mane olan xırda səhvlər üzərində işləməliyik”

azuma abubakar - Futbolinfo.az

“Kəpəz”in hücumçusu Azuma Abubakarın futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 4-cü turunda  “Şamaxı”ya 1:4 hesabı ilə məğlub oldunuz. Qarşılaşma barədə fikirləriniz necədir?

– Bizim üçün məyusedici nəticə oldu. Daha yaxşı çıxış edə bilərdik. Təəssüf ki, bəzi səhvlərə yol verdik və rəqib də bu səhvlərimizdən maksimum yararlandı. Amma artıq toparlanaraq yenidən qələbələr qazanmaq istəyirik.

– “Turan Tovuz”la oyundan sonra hamı növbəti matçlarda da qalib gələcəyinizi düşünürdü. Bəs nə baş verdi?

– “Şamaxı” ilə oyunun bizim üçün qələbə ilə başa çatacağına inanırdıq. “Kəpəz” azarkeşlərinə sevinc bəxş etmək üçün matça ciddi şəkildə hazırlaşmışdıq. Lakin təəssüf ki, gözləntiləri reallaşdıra bilmədik.

– Komandanız 4 qol buraxmağa layiq idimi?

– Açığı, 1:4 hesabı bizim üçün qəbul edilməsi çətin nəticədir. “Şamaxı”ya belə hesabla məğlub olmaq xoş deyil. Amma futbolda qələbələr, məğlubiyyətlər, bəzən də heç-heçələr olur. Mövsüm hələ yenicə başlayıb. Vaxtımız çox deyil, “Şamaxı” ilə oyunda qələbəyə mane olan xırda səhvlər üzərində işləməliyik. Turnir cədvəlində yaxşı mövqedə qalmağımız üçün əvvəlki yaxşı oyunumuza qayıtmalıyıq.

– “Kəpəz” bu vəziyyəti dəyişə və qarşıdakı oyunlarda qələbələr qazana biləcəkmi?

– Geriləmədən sonra qarşısına məqsədlər qoyan komanda vəziyyəti təhlil etməli və nəticə çıxarmalıdır. Biz də hazırda bunu edirik və növbəti məğlubiyyətin qarşısını almağa çalışırıq. Əsas məqsədimiz kollektiv və fərdi şəkildə daha çox çalışaraq qarşıya qoyduğumuz hədəfə çatmaqdır. Bu da nəyin bahasına olursa-olsun qələbə qazanmaq düşüncəsidir.

– Azərbaycan Premyer Liqası haqqında fikirləriniz necədir? Çempionatı necə dəyərləndirirsiniz?

– Çox yaxşı liqadır. Həm taktiki, həm də fiziki baxımdan kifayət qədər tələbkardır və burada uğur qazanmaq üçün çox çalışmaq lazımdır. Futbolçu kimi fərqlənmək üçün intizam da böyük əhəmiyyət daşıyır. Ümumilikdə, Azərbaycandakı çempionat məndə yaxşı təəssürat yaradıb.

– Gəncə stadionundakı atmosfer xoşunuza gəldimi?

– Gəncə xalqı üçün bu, möhtəşəm hadisədir. Azarkeşlərin stadiona bu qədər çox olmasından həqiqətən təsirləndim. Ümid edirəm ki, biz də göstərdikləri dəstəyin qarşılığında onları daha çox sevindirə biləcəyik.

– Növbəti oyunda “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu matçdan qələbə ilə ayrılacağınıza inanırsınızmı?

– Yenidən məşq prosesinə qayıdıb həm kollektiv, həm də fərdi şəkildə səhvlərimizi düzəltməliyik. Qarşıdakı oyunlara hazırlaşmaq və ortaq məqsəd uğrunda mübarizə aparmaq vacibdir. Müşahidələrimə görə, “Qəbələ” asan rəqib deyil. Amma inanıram ki, “Kəpəz” və gəncəlilər üçün qələbə qazanmaq naminə əlimizdən gələn hər şeyi edəcəyik və sonadək mübarizə aparacağıq.

ABBAS

Shares: