Premyer-liqa
Kanales: "Sonuncu dəfə nə vaxt qələbə qazandığımız yadıma gəlmir"
Ötən gün Topaz Premyer Liqasında sonuncu – 36-cı tu…
Ötən gün Topaz Premyer Liqasında sonuncu – 36-cı turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Neftçi" evdə AZAL-la 1:1 bərabərə qalıb.
"Bakcell Arena"dakı matçdan sonra saytımıza açıqlama verən ev sahibi komandanın hücumçusu Nikolas Kanales heç-heçəni belə şərh edib:
“Qələbə qazanmaq istəyirdik. Çünki ölkə kubokunun finalından öncə psixoloji baxımdan qalibiyyət bizim üçün çox vacib idi. Uzun zamandı çox böyük problemlərimiz var. Sonuncu dəfə nə vaxt qələbə qazandığımız yadıma gəlmir. Səhv etmirəmsə sonuncu dəfə “Simurq”u udmuşuq. Komanda bir yerə yığışa bilmir. İlk 10-15 dəqiqədə demək olar ki, topa toxunmamışam. Əgər top mənə gəlmirsə, nə edə bilərəm? Buna görə də bir az əsəbləşmişdim. Mövsüm sonunda bəzi futbolçuların müqaviləsi başa çatır. Bu da futbolçulara müəyyən qədər təsir edir. Müqaviləsiz futbolçu ilə oynamaq bir az çətindi. Ancaq bizim hələ qarşıda final matçımız da var".
Çilili forvard klubdakı gələcək karyerasından da söhbət açıb: "Mənim də müqaviləm başa çatmaq üzrədi. Hələ ki, komandada heç bir təklif gəlməyib. Amma təklif alacağım təqdirdə bu, mənim üçün ilk seçim olacaq. Amma indiki vəziyyətdə gələn başqa təklifləri analiz edirəm. Finaldakı rəqibimiz “Qarabağ”ın bizdən bir neçə gün çox dincəlməyi onların xeyrinə olan amildi”.