Ölkə futbolu
Georgi Nikolov: "Nə gizlədim…"
Avrokuboklarda keçirilən ilk oyunlarda iştirak edən 3 komand…
Avrokuboklarda keçirilən ilk oyunlarda iştirak edən 3 komandamızdan heç birinin qələbə qazanmaması bizi məyus etməyə bilməz. Ancaq evdə Çernoqoriya “Mladost”u ilə 2:2 bərabərə qalan “Neftçi” və Gürcüstanda 1:2 hesabı ilə mğlub olan “Qəbələ”dən fərqli olaraq, “İnter”in “Laçi” ilə Albaniyada əldə etdiyi məhsuldar heç-heçə (1:1) daha ümidverici görünür. Paytaxt təmsilçisinin prezidenti Georgi Nikolov futbolinfo.az saytına açıqlamasında bir qədər ehtiyatlı danışmaqla yanaşı, rəqibdən çəkindiyini də gizlətmədi.
Bolqarıstanlı funksioner albanların ilk 45 dəqiqədə sərgilədikləri oyunu xüsusi qeyd etdi: “Nəticədən razıyam. Səfərdə əldə edilən məhsuldar heç-heçəni aktivimizə yazmaq olar. Ancaq rəqib komandanın sərgilədiyi futbol kifayət qədər təhlükəlidi. Xüsusilə, oyunun ilk 45 dəqiqəsində bizə çətin anlar yaşatdılar. Futbolçuları sərt və aqressiv oynayırlar. Bütün hallarda , cavab oyunu öncəsi 1:1 az da olsa, bizə üstünlük qazandırır”.
Çempionat başa çatdıqdan sonra əksər klublarımız maliyyə problemi ilə üzləşdi. Avrokubok iştirakçılarından yalnız “İnter”in qənaətbəxş nəticə qazanması məhz idarəedicilikdə düzgün strategiya seçmələrini göstərir. Nikolov isə yenə də nəticə çıxarmağa tələsməməyi tövsiyə edir: “Rəqibdən istənilən an təhlükə gözləmək olar. Avrokuboklarda qalib 2 oyunun nəticəsinə görə müəyyənləşir. Altı gün qalıb. Bakıdakı oyunda da uğurlu nəticə qazanmaq istəyirik. Bax, bu cür sınıq-salxaq vəziyyətdə ilk mərhələni adlayıb, azarkeşlərimizi sevindirmək istəyirik. Özü də potensial rəqiblərimiz də keçiləsidirlər. Bu üzdən də 1-ci mərhələni adlamağı çox istəyirik”.
Komanda üzvlərini motivasiya etməyi sevən klub prezidenti bu dəfə olduqca ehtiyatlı danışır. Bəlkə əvvəlki illərdə səfərdə uğurlu nəticə əldə etdikdən sonra, Bakıdakı büdrəmələr onu bu cür ehtiyatlı danışmağa sövq edir? Bu sualımızı təbəssümlə qarşılayan bolqarıstanlı hədəfi dəqiq nişan aldığımızı etiraf etdi: “Nə gizlədim, dəfələrlə səfərdən uğurlu nəticəylə qayıtdıqdan sonra inanılmaz şəkildə avrokuboklarla vidalaşmışıq. Gəlin tələsməyək. Axı hər şey cavab qarşılaşmasında müəyyənləşəcək. Bəli, bizim də üstünlüyümüz var. Bu, avrokubok təcrübəsidi. Uşaqlara inamım hədsizdi. Doğrudu, hələ ki, heyət oturuşmayıb, xətlərarası əlaqələr istənilən səviyyədə deyil. Ancaq bu cür vəziyyətdə səfərbər olmalıyıq, yumruq kimi birləşib, qələbə qazanmalıyıq”.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…