Ölkə futbolu
AZAL Rauf Əliyevi "transfer etdi", "Neftçi" yeni oyunçu ilə gəlir
AFFA-nın martın 11-də baş tutacaq Hesabat-Seçki Konfransı …
AFFA-nın martın 11-də baş tutacaq Hesabat-Seçki Konfransı ölkə futbolunda çox şeyi dəyişməyəcək. Prezidentin, eləcə də İcraiyyə Komitəsi üzvlərinin yenidən postunda qalacağı gözlənilir.
Artıq namizədlərin irəli sürülməsi prosesi başa çatıb. Futbolinfo.az xəbər verir ki, bu gün bütün namizədlər rəsmən aşıqlanmalıdı. AFFA isə rəsmi saytı vasitəsi ilə bütün namizədləri açıqlamaq əvəzinə, mətbuata namizədlərin adını bir-bir sızdırıb, ictimaiyyətin “nəbzini yoxlayır”.
Artıq bir neçə nəfərin adı dəqiqləşib. Apasport.az saytına inansaq, Regional Futbol Federasiyaları kvotasını veteranların hesabına doldurub. Onlardan biri qurumun rəhbəri İsgəndər Cavadovdusa, digəri veteran futbolçu Kazbek Tuayevdi. Cavadovun namizədliyi bu dəfə də Şimal Regional Futbol Federasiyasından irəli sürülüb. RFF-də Cahagir Hacıyevi isə Tuayev əvəzləyəcək. Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri “İnter”lə vidalaşdıqdan sonra komitədən də kənar qalacaq.
İcraiyyə Komitəsinə Peşəkar Futbol Liqasının qolu ilə seçilənlər də aydınlaşır. “Bakı”nın prezidenti Hafiz Məmmədovun kölgəyə göndərildiyi bir vaxtda ilk dəfə “Qarabağ” da bu qurumda təmsil olunacaq. Ancaq ağdamlıların rəhbər şəxslərinin Azərbaycan vətəndaşlığı olmadığından bu rol baş məşqçi Qurban Qurbanova həvalə olunacaq.
PFL-dən seçilməli olan digər 3 namizəddən biri əvvəcədən bəlli idi. “Sumqayıt” Vaqif Sadıqovu növbəti dəfə İcraiyyə Komitəsində görmək istədiyini açıqlayıb. AZAL da yenidən İK-da təmsil olunacaq, amma bu dəfə Rauf Əliyevlə. Əvvəllər Tuayevlə komitədə yer alan “təyyarəçilər” bu dəfə AFFA-nın vitse-prezidentini “transfer edib”. Əliyevin klubla bağlılığı olmasa da, görünür, “yuxarılar”ın diqtəsi həlledici rol oynayıb.
İcraiyyə Komitəsinə nümayəndə göndərən “Neftçi”nin kimlə təmsil olunacağı tam dəqiq deyil. Ancaq futbolinfo.az-ın hələ xeyli əvvəldən yazdıqları təsdiqini tapır. Əliyevə paytaxt klubunda qapının göstərildiyini xeyli əvvəl yazmışdıq. Onun “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə (ola bilər başqa birisi ilə) əvəzlənəcəyi gözlənilir. Bu şəxsin AFFA-da vitse-prezident postunu tutub-tutmayacağı dəqiq deyil. Çünki işindən daim narazılıq bildirilən Rauf Əliyevin yenidən quruma namizədliyə layiq bilinməsi müəmma olaraq qalır.
İndi qalan 4 namizədin kimliyi maraq doğurur. Sahə Futbol Federasiyasının bir namizədinin yenə Mahir Məmmədov olacağı dəqiqdi. O, yəqin ki, Çimərlik Futbol Federasiyasının namizədi olacaq. Səhhəti üzündən kənarda qalacağı gözlənilən Mirkamil Rəhimovun kiminlə əvəzlənəcəyi tezliklə bilinməlidi. İctimai Futbol Təşkilatından Elşad Nəsirovla Firudin Qurbanovun namizədliyinin yenidən irəli sürüləcəyi isə dəqiqdi.
AĞA