Milli komanda
Mən xəcalət çəkdim… bəs, siz?!
Bakı 17 yaşlılar arasında Avropa çempionatının ilk oyun g…
Bakı 17 yaşlılar arasında Avropa çempionatının ilk oyun gününü yola verdi. Bəli-bəli, məhz yola verdi. 0:5 hesablı məğlubiyyətə don geyindirmək üçün “bəhanələr salnaməsi” uydurmaq planı cızan AFFA rəhbərliyinin futboldan uzaq adamlardan təşkil olunmasının bariz nümunəsini dünən gördük.
Problem heç də “Qəbələ”, “Xəzər Lənkəran”, “Qarabağ”ın deyil, problem AFFA-nındı. Niyəsini bir-bir çılpaqlığı ilə ortaya qoyaq ki, hörmətli baş katib Elxan Məmmədov bir daha bu cür səhvə yol verməyi ağlından belə keçirməsin.
Başlayaq “Azərbaycan” adlı beynəlmiləl yığmanın heyətindən. Əziz AFFA məmurları, SOCAR-ın sponsorluq etdiyi qurum şəxsi mülkiyyətiniz deyil! Hesabınıza köçürülən vəsait futbolun inkişafına yönəldilməlidi, yığmanı uçuruma aparmağa yox! Bəli, yeniyetmələr arasında Avropa çempionatının final mərhələsini Bakıda keçirmək həm pulların havaya sovrulması deməkdi, həm də yeniyetmə futbolçuları şikəst etmək. Pul cəhənnəm, uşaqları niyə məhv edirsiniz? Sizcə, 17 yaşında doğma publika önündə 0:5 hesabı ilə məğlub olan komanda üzvləri bu psixoloji sarsıntının altından nəvaxtsa çıxa biləcəklər? 35 min tamaşaçının (tamaşaçının ha, azarkeşin yox!) gözü qarşısında topla döyülən komanda üzvləri dünən məhv edildi.
Kimə lazım idi futbolçuları bu cür alçaltmaq? Bu oyun onlara rüsvayçılıq, yararsızlıq, çarəsizlikdən başqa nə qazandırdı? Ömürlük damğa, ömürlük təzyiq altında olma immuniteti!
Avropa çempionatının final mərhələsinə ev sahibliyi etmək üçün komanda gərək seçmə mərhələlərdə bunun bir addımlığında olsun ki, sən ev sahibliyi barəsində düşünəsən. Nə vaxt buna nail olmusunuz? Bu gün klublarımız addım-addım uşaq yetişdirməkdədi və məlum məsələdi ki, ilk nəslin nümayəndələri ideal ola bilməz. Bunu hamı anlayır və səbrlə gözləyir. Amma bu, o demək deyil ki, indiki yeniyetmələri odun içinə atmaq olar.
İndi də keçək maliyyə məsələlərinə. Qardaşım, neçə təlim-məşq toplanışı təşkil olundu? Həmin toplanışlara kimləri dəvət etdiniz? Dəvət edib, son günlərədək inandığınız futbolçuları bir göz qırpımında “brak” elan edib, kənara tulladınız. Ki, Türkiyədən bir torba əcnəbiyə şans tanıyasınız?
Daha bir cavabı bəlli olan sual: Türkiyənin U-17 yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb? Onların aparıcı üzvləri elit-raund səddini adlaya bilməyibsə, heyətə düşməyənlər Azərbaycana final mərhələsində nə kimi fayda verə bilər?! Mütləq yarışa ev sahibliyi etməyi boynunuza götürməli idiniz, 100 minləri toplanışlara xərcləməli idiniz ki, bundan sonra xəbər tutasınız ki, “ay aman, ay dad, azərbaycanlı yeniyetmələr Portuqaliya yığması ilə ayaqlaşa bilməyəcək və gəlin mənəviyyatımızı arxa plana keçirib, türklərə üz tutaq”?!
Üzümü AFFA məmurlarına tutub deyirəm: mən xəcalət çəkdim… bəs, siz?!
CEYHUN ƏLİYEV