Premyer-liqa
Köhnə tanışlar yeni məkanda: qələbə hər ikisi üçün məlhəm olacaq
Bu gün keçiriləcək bir oyunla Premyer Liqanın 3-cü…
Bu gün keçiriləcək bir oyunla Premyer Liqanın 3-cü turuna yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, axşam saatlarında əzəli rəqiblər – “Qarabağ”la “Neftçi” üz-üzə gələcəklər.
20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Masazır. “Əlincə Arena” (13000 yerlik).
“Bakcell Arena”nın ot örtüyündə yenilənmə işləri aparıldığı üçün “Neftçi” Masazıra pənah aparıb. Ona görə də milli çempionatlarımızın daimi iştirakçıları yeni məkanda – “Əlincə Arena”da qarşılaşacaqlar.
Məkan yeni olsa da, rəqiblər köhnə tanışlardı desək, yerinə düşər. Hər halda, ölkə çempionatları tarixində ən çox qarşılaşan bu iki kollektiv 65-ci dəfə üz-üzə gələcəklər.
Ölkənin ən titullu klubu sayılan “ağ-qaralar” 2011, 2012 və 2013-cü illərdə çempion olandan sonra estafeti “Qarabağ”a verib, özü isə ağdamlıların qızıl medallara sahib çıxdığı son 3 mövsümdə mükafatçılar sırasına düşə bilmir.
“Neftçi”ni “3-lük”dən didərgin salan problemlər hələ də aktuallığın itirməyib: büdcənin ciddi şəkildə azaldılması və komandaya yeni cəlb olunan əcnəbi futbolçuların ümidləri doğrultmaması. Təbii ki, hələ mövsümün əvvəlidi. Lakin “ağ-qaralar”ın ötən tur “Zirə”yə 0:1 uduzması və sərgilədiyi futbol flaqmana könül verənləri narahat etməyə bilməz. Belə bir durumda “Qarabağ” üzərində əldə ediləcək qələbə “Neftçi” üçün göydəndüşmə olar.
“Qarabağ”ı isə hazırda daha çox avrokuboklarda aldığı məğlubiyyətlər qayğılandırır. Çempionlar Liqasında mübarizəni dayandıran Ağdam təmsilçisi cümə axşamı Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Höteborq”a uduzaraq səfərdən üzgün dönüb. İndiki vəziyyətdə əldə olunacaq zəfər onlar üçün də məlhəm sayıla bilər.
STATİSTİKA: 64 oyun, +22, =24, -18, top fərqi 64-60
ÖTƏN MÖVSÜM…
26.09.2015 Qarabağ – Neftçi 1:1
29.11.2015 Neftçi – Qarabağ 1:0
20.02.2016 Qarabağ – Neftçi 2:0
16.04.2016 Neftçi – Qarabağ 1:2
OYUNDAN NOTLAR
• Cəza səbəbindən heç bir futbolçu bu matçı buraxmayacaq.
• “Qarabağ”da zədəli futbolçu yoxdu.
• “Neftçi”dən yalnız Elşən Abdullayev zədəli olduğu üçün meydana çıxa bilməyəcək.
REFERİ
“Qarabağ”ın yeni mövsümdəki ilk oyununu Əliyar Ağayev idarə edib və ağdamlılar “İnter”ə 1:2 hesabı məğlub olublar. Ötən çempionatda isə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv FİFA referisinin fit çaldığı 5 matçın heç birində uduzmayıb: 3 qələbə, 2 heç-heçə.
Ağayev ötən mövsüm “Neftçi”nin 8 oyununda söz sahibi olub. Bunların 5-də qələbə qazanan paytaxt klubu, 2 dueldən də məğlub ayrılıb.
FƏRİD