Müsahibə
Elman Sultanov “qızıl” axtarışında: “Çempionluğa oynayırıq”
Futbol səhnəsində debüt edən “Səbail” ilk rəsmi…
Futbol səhnəsində debüt edən “Səbail” ilk rəsmi oyununu qələbəylə başa vurdu. “Mil Muğan”ın qonağı olan bakılılar səfərdən 3 cavabsız qol vuraraq, döndülər. Komandanın baş məşqçisi Elman Sultanov futbolinfo.az saytına verdiyi müsahibədə yetirmələrindən razı qaldığını gizlətmədi.
– Çempionatın ilk oyunu istənilən komanda üçün həyəcanlı keçir. Bizim üçünsə bu, ikiqat həyəcanlı idi. Axı, “Səbail” tarixində ilk rəsmi oyununa çıxırdı. Sevindiricidi ki, İmişlidən alnıaçıq dönməyi bacardıq.
– Yetirmələrinizi tərifləsəniz də, yəqin ki, çatışmazlıqlar da oldu?
– Elə bir komanda yoxdu ki, səhv etməsin. Əlbəttə, bizim də səhvlərimiz oldu. Uşaqlar müəyyən taktiki yanlışlıqlara yol verirdilər. Bunun da üzərində işləyəcəyik.
– Rəqibi nəyin hesabına üstələ bildiniz?
– “Mil Muğan” ən xoş sözlərə layiqdi. Onlar da qalib gəlmək istəyirdilər. Zənnimcə, topa daha çox nəzarət edən tərəf biz idik. Fasilədən sonra isə meydan sahiblərini fiziki hazırlığımız hesabına üstələməyi bacardıq. Ancaq hiss olunur ki, “Mil Muğan” oyundan-oyuna artıracaq və diviziondakı bütün rəqiblərinə başağrısı olmağı bacaracaq.
– Futbolçular debüt oyununa çıxdı. Psixoloji gərginlik hiss olunmurdu?
– Qətiyyən. Uşaqlar psixoloji cəhətdən oyuna tam hazır qaydada çıxmışdılar və 90 dəqiqə ərzində də bunu sübut etdilər. Hazırlıq prosesini hələ ilk turda kiminlə qarşılaşacağımızı bilmədən keçirdik. Həm fiziki, həm də psixoloji hazırlığımız çox yaxşı vəziyyətdədi. O ki qaldı taktiki hazırlığımıza, buna bir qədər vaxt lazımdı ki, hər şey yerinə oturuşsun.
– Bu qələbə üfüqdə nə göstərir?
– Çempionatın startına 2 gün qalmış kiçik bir iclasımız oldu. Hədəfi də orda müəyyənləşdirdik. Çempion olmaq istəyirik. Aydın məsələdi ki, divizionda mübarizə aparan bir çox klub da eyni məqsədi hədəfləyib. Əlbəttə, istəklə heç nə həll olunmur. Ancaq qızıl medallara sahib olmaq üçün mübarizə aparacağıq. İstəyimizə nə dərəcədə nail olacağımızı isə mövsümün axırında görəcəyik.
CEYHUN ƏLİYEV