Milli komanda
Danışan şəkillər, və ya Xeyir üçün danışılan yalan
Sabah baş tutacaq Çexiya – Azərbaycan matçından əvv?…
Sabah baş tutacaq Çexiya – Azərbaycan matçından əvvəl baş tutacaq açıq məşqlər və mətbuat konfranslarına hələ bir saatdan artıq vaxt qalır. Lakin Ostravaya ezam olunmuş futbolinfo.az saytının əməkdaşı kəşfiyyata bundan xeyli öncə çıxdı.
Stadiona çatar-çatmaz diqqətimizi oyunla bağlı geniş afişa çəkdi. Stadionun ətrafındakı kassalardan cəmi ikisinin fəaliyyət göstərməsi yerli əhalinin bilet alışına böyük maraq göstərməməsindən qaynaqlanırdı. Giriş qapısındakı gözətçi bəndənizi içəri buraxmaq istəmədi. Ancaq PFL-in dünyaca məşhur jurnalist vəsiqəsi bu dəfə də dadıma çatdı. Lopabığ kişi "əraziyə buraxaram, ancaq stadiona daxil olmamaq şərti ilə" deyincə, dərhal razılaşdıq. Gördüyünüz şəkillərdən də aydın olur ki, "Bhaqavat Gita"da deyildiyi kəlamlara ehtiyac duyduq: "yalan xeyir iş üçündüsə, bu, günaha yazılmır"…
Stadionda üçrəngli bayrağımızın dalğalanması olduqca xoş mənzərə idi. Bunu seyr edərkən, stadionun bir neçə əməkdaşının bizə tərəf gəldiyini gördük. Ancaq nədənsə son anda çexiyalılar fikirlərindən daşınıb, hansı yolla raziyə daxil olduğumuza dair sualı vermədilər.
Artıq tablo da hazır vəziyyətə gətirilib. Bunu da şəkillərdən müşahidə etmək olar. Hələlik "0"-lar dəyişməz olsa da, inanırıq ki, sabah Azərbaycan yığması bizə aid olan hissəyə müdaxilə edəcək.
Oturacaqlar və ümumi təmizlik ideal vəziyyətdədi ki, hansısa nöqsanla bağlı irad bildirmək olmaz. Nəhayət, ot örtüyü barədə. Bu örtüyün bir adı var – fantastik!
Göründüyü kimi, oyun üçün hər şey hazırdı. Qalır oynamaq, oynamaq, oynamaq. Hələliksə, həmkarlar aşağıda üsyan edir… Üzü mətbuat konfransına.
CEYHUN ƏLİYEV, Ostrava