Ölkə futbolu
Rəmiş Malıyev: “Avropa Liqasında iştirakımız üçün əngəl qalmayıb”
“İnter”in ölkəmizi avrokuboklarda təmsil etməsi &…
“İnter”in ölkəmizi avrokuboklarda təmsil etməsi üçün heç bir əngəl yoxdu”. Bu sözləri “Futbolinfo”ya açıqlamasında paytaxt klubunun rəhbəri Rəmiş Malıyev deyib.
AFFA-nın “İnter”ə müvəqqəti olaraq səlahiyyətli idarəçi kimi təyin etdiyi Rəmiş bəy, son günlər klubun Avropa Liqasında oynamayacağı ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib. O, bunun üçün heç bir əsasın olmadığını deyib: “Artıq Avropa Liqasına vəsiqəni təmin etmişik. Klub avrokuboklarda iştirak etmək üçün bütün lisenziya tələblərini yerinə yetirmək gücündədi. 2016-cı illə bağlı heç bir maliyyə problemi qalmayıb, əcnəbi futbolçulara borc yoxdu. Bu baxımdan xüsusi şübhə doğuran maliyyə meyarı ilə bağlı çətinliyimiz olmamalıdı. Ümumiyyətlə, qitə yarışlarında iştiraka imkan verən lisenziyanı əldə etmək üçün əngəl görmürəm. Bütün meyarlara cavab veririk. Yalnız bank təminatıyla bağlı məsələ qalıb ki, onun da həlli üçün vaxt var və heç bir problem yoxdu. Beynəlxalq Bankdan və ya digər bir bankdan zəmanət məktubu ala biləcəyik”.
Malıyev futbolçulara borclu qaldıqlarını etiraf etdi: “Düzdü, hazırda futbolçulara borcumuz var. Fevral və mart aylarının ödənişlərini etməmişik, bunu da çox yaxın zamanda yoluna qoyacağıq. Lisenziyalaşdırma prosesində ötən maliyyə ilinin hesabatları əsas götürüldüyündən bu amil bizə mane olmayacaq, hamının əməkhaqqısı ödənilib. Ona görə də Avropa Liqasında iştirakımız üçün heç bir əngəl yoxdu”.