Premyer-liqa
Samir Abasov: "Alınmasa da, məyus deyilik"
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbayc…
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Bu gün ən azı bir xal götürmək istəyirdik. Qələbə qazanmağa o qədər də şansımız yox idi. Müdafiədə oturub, 1 xal qazanmağı və digər görüşün nəticəsini gözləməyi fikirləşirdik. Təəssüf ki, bunu bacarmadıq. Son iki turda çempion və gümüş medalçı ilə oynamalı oluruq. Təqvim baxımından bəxtimiz gətirmədi. Amma builki oyunlarımız ürəkaçan idi. Bu gün bir xalın acısını yaşayırıq. Gələcəkdə bunu aradan götürəcəyik. Gənc komandayıq, belə təcrübə toplayırıq. “Qarabağ”ı və Qurban Qurbanovu ürəkdən təbrik edirəm.
– Məhəmməd Qurbanovu birinci hissədə əvəzləməyinizin səbəbi nə oldu?
– Oyunundan narazı qaldım. İstədiyimizi meydanda edə bilmədi. Müdafiəyə kömək etmədi, hücumda çatdırmırdı.
– Xal qazanacağınıza daha çox inanırdız, yoxsa “Zirə” və “Kəpəz”in büdrəyəcəyinə ümid edirdiz?
– “Kəpəz”in büdrəyəcəyinə ümid etmirdim. Təqvimin ürəkaçan olmaması pis oldu. “Zirə”, “Kəpəz” və “Neftçi”dən bu mövsüm güclü olduq. Təəssüf ki, evdə çox xallar itirdik. Rəqiblərin oyunu ilə də maraqlanırdıq. Onların nəticəsini gözləyirdik. Çünki onların bugünkü matçların da nəticəsi böyük önəm kəsb edirdi. Alınmasa da, məyus deyilik. Çempionata başlayanda hamı bizi autsayder kimi görürdü. Amma ən azı mövsümü 6-cı pillədə bitirəcəyik. Son turda qələbə qazanıb, azarkeşlərimizə sevinc bəxş etmək istəyirik.
ELMAR ABDULLA-ZADƏ