Dünya futbolu
Runi rəsmən "Everton"da
İngiltərənin "Mançester Yunayted" klubunun hü…
İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runinin "Everton"a dönüşü rəsmiləşib. Futbolinfo.az xəbər verir ki, 13 il idi "qırmızı şeytanlar"ın uğurları üçün çalışan İngiltərə yığmasının sabiq forvardı yetirməsi olduğu kluba qayıdıb.
Bu barədə "Everton"un rəsmi saytı məlumat yayıb. Məlumatda 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalandığı bildirilir. Müqavilənin detalları barədə ətraflı məlumat verilmir.
Qeyd edək ki, peşəkar karyerasına yetirməsi olduğu "Everton"da başlayan Runi "Mançester Yunayted"ə 2004-cü ildə transfer olunmuşdu. O, bu komandada 559 matça çıxıb, 253 qola imza atıb. MY ilə 5 dəfə Premyer Liqanın, 1 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə də Avropa Liqasının qalibi olan forvard yeni mövsümdən sabiq klubunun uğurları üçün çalışacaq.
Runi İngiltərə millisi ilə 119 matça çıxıb, 53 qol vurub.