Dünya futbolu
Kassanonun yeni klubu bəlli oldu
İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano &o…
İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano özünə yeni klub tapıb. Futbolinfo.az xəbər verir ki, 35 yaşlı forvard növbəti mövsümdə "Verona"nın şərəfini qoruyacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər bir illik müqavilə imzalayıblar. O, yeni klubunda da 99 nömrəli forma ilə oynayacaq.
Qeyd edək ki, "Verona"nın yarımmüdafiəçi Alessio Çerçini də heyətinə qatması gözlənilir. Azad agent olan Kassano kimi, o da bu kluba pulsuz başa gələcək.
Xatırladaq ki, Kassano peşəkar karyerasına 1999-cu ildə yetirməsi olduğu "Bari"də başlayıb. 2001-ci ildə o, "Roma"ya transfer olunub. 2006-cı ilə kimi bu klubda 118 oyun keçirib, 39 qol vuran Antonio məhz "canavarlar"ın şərəfini qoruyarkən şöhrət qazanıb. 2006-da isə o, Madrid "Real"ına üz tutub. Bu komandada oyunu alınmayan İtaliya yığmasının sabiq forvardı 2007/08 mövsümündə "Sampdoriya"da icarədə oynayıb. 2008-ci ildə isə "Sampdoriya" onu Madrid klubundan birdəfəlik alıb. 2011-ci ildə Kassano "Milan"a, 2012-də də "İnter"ə transfer olunub. Lakin o, Milan klublarının hərəsində cəmi 1 mövsüm çıxış edib. 2013-də "Parma"ya keçən futbolçu bu klubda iki mövsüm çıxış etdikdən sonra 2015-ci ildə yenidən "Sampdoriya"ya qayıdıb. Geridə qalan mövsümün gedişində bu klubla yollarını ayıran forvard azad agent idi.
Kassano İtaliya yığmasında da 39 oyun keçirib, 10 qola imza atıb.