Ölkə futbolu
“Fola”nın mətbuat konfransı olacaqmı?
"İnter"in Avropa Liqasının II təsnifat mərhələsində …
"İnter"in Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburqun "Fola" klubu ilə oyunöncəsi mətbuat konfransının vaxtı müəyyənləşib. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov açıqlamasında baş məşqçiləri Zaur Svanadzenin bu gün saat 18:30-da "Dalğa Arena"da jurnalustlər qarşısına çıxacağını bildirib: "Saat 19:00-da isə oyunun keçiriləcəyi həmin stadionda ilk 15 dəqiqəsi açıq olan məşqimiz keçiriləcək. "Fola"nın ilk 15 dəqiqəsi açıq olan məşqi saat 20:00-da başlayacaq. Rəqibin mətbuat konfransına gəlincə, lüksemburqlulara bununla bağlı rəsmi məktub yazsaq da, hələ də cavab verməyiblər. Ancaq biz indidən bunu saat 19:30-a planlaşdırırıq. "Fola"nın bunu keçirib-keçirməyəcəyini sabah (bu gün – red.) dəqiq biləcəyik. Hər halda, təsnifat mərhələsində UEFA oyunöncəsi mətbuat konfransını keçirməyi klublar qarşısında şərt qoymadığından keçirməyə də bilərlər".
Bu yerdə qeyd edək ki, "Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Differdanj" mətbuat konfransını keçirməklə bağlı məlumat verməyərək bunu Bakıya çatandan sonra həyata keçirmiş, baş məşqçiləri klub prezidenti və meneceri ilə birgə jurnalistlər qarşısına çıxmışdı (sport24.az).
Məmmədov onu da bildirib ki, yenə jurnalistləri nəqliyyat vasitəsi ilə təmin edəcəklər: "Media nümayəndələrini "Dalğa Arena"ya aparmaq üçün ayırdığımız avtobus saat 17:30-da "Ulduz" metrostansiyasının qarşısında olacaq. Həmin avtobusu saat 21:00-dək icarəyə götürmüşük. Yəni jurnalistlərin geri qaytarılması da nəzərdə tutulub. "Fola"nın mətbuat konfransı olarsa belə, "Qarabağ"ın oyununa çatmaq mümkündü".
Xarırladaq ki, Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" – "Samtredia" matçı bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.