Dünya futbolu
FİFA Sudana diskvalifikasiya qərarını ləğv etdi
FİFA bir neçə gün öncə Sudan Futbol Federasiyasın…
FİFA bir neçə gün öncə Sudan Futbol Federasiyasına (SFF) qarşı tətbiq etdiyi diskvalifikasiya qərarını ləğv edib. Futbolinfo.az xəbər verir ki, bu barədə dünya futbol qurumunun yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, FİFA SFF-ni bu qurumdan icazəsiz prezident dəyişikliyinə əl atdığına görə cəzalandırmışdı. Qərara görə, Sudan dünya futbol qurumunun bayrağı altında keçirilən turnirlərdə nə klub, nə də yığma səviyyəsində təmsil oluna bilərdi.
Bu ilin aprel ayında SFF-nin prezidenti Mutasim Qaafar dövlət rəhbərliyinin də müdaxiləsi ilə vəzifəsindən azad edilmişdi. Onun əvəzində isə Abdel Rahman yeni prezident təyin edilmişdi.
FİFA-nın məlum sanksiyasından sonra Sudan rəhbərliyi təcili məsələyə müdaxilə etməli olub. Belə ki, ölkənin baş nazirinin əmri ilə yeni prezident postundan uzaqlaşdırılıb, Mutasim Qaafar əvvəlki vəzifəsinə qaytarılıb.