Müsahibə
Qriqorçuk: "Fövqəladə bir şey baş verməyib"
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda …
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda evdə “Panatinaikos”a 1:2 hesabıyla məğlub olan “Qəbələ” mübarizəni dayandırıb. Futbolinfo.az xəbər verir ki, matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
– “Qəbələ” avrokuboklarda adətən hesabı açan tərəf olsa da, üstünlüyünü qoruyub saxlaya bilmir. Buna səbəb nədi?
– Bu, heç də həmişə belə olmur. Elə olur ki, rəqib hesabı açır, biz cavab veririk. Bu barədə nə deyəcəyimi bilmirəm.
– Bu gün komandanın oyununda nə alınmadı?
– Biz bir qol vurduq, rəqib iki. Nəyi düz etmədik? Sadəcə, 3 qol vurmadıq. Bu gün sadəcə, rəqib çox güclü idi. Həm komanda oyununda, həm də fərdi oyunda.
– Azərbaycanda çalışmağa başlayandan Avroliqanın qrup mərhələsində çıxış etmisiz. Bu dəfə qrup mərhələsindən kənarda qaldız. Bu, “Qarabağ”la çempionluq uğrunda mübarizədə komandaya kömək ola bilər?
– İstəməzdik ki, belə olsun. Deyə bilmərəm, necə olacaq. Bir cəbhədə mübarizə aparmağın komandanın nəticələrinə necə təsir edəcəyini bilmirəm.
– Heyətdə çoxlu legioner var. Düşünmürsüz ki, çempionatda bu oyunçuların çoxundan istifadə edə bilməyəcəksiz?
– Düşünmürəm ki, bizdə artıq legioner oyunçular var. Son 3 ildə komanda belə komplektləşməmişdi.
– Ötən ilki heyətlə bugünkünü müqayisə edəndə, komandada hansı tipdə futbolçu çatışmırdı?
– Kombinasiyalı, sürətli oyunu çox xoşlayıram. Geridən top ötürəndə irəlidəki oyunçu topu saxlayıb, hücumun qurulmasına kömək edir. Bizdə məhz bu cür oyunçu çatışmırdı.
– Bu məğlubiyyətdən sonra komandanı çempionata necə kökləyəcəksiz? Psixoloji cəhətdən onları qarşıdakı oyunlara kökləmək çətin olmayacaq ki?
– Düşünmürəm ki, klubda kimsə bugünkü məğlubiyyətə görə ciddi təəssüflənsin. Çünki rəqib çox güclü idi. Fövqəladə bir şey baş verməyib. Güclü rəqiblə oynadıq. Bu da, bizim çempionata yaxşı hazırlaşmağımız üçün yaxşıdı.