Dünya futbolu
"Kopenhagen" "Qarabağ" ilə oyun öncəsi cəzalandı
Danimarkanın "Kopenhagen" klubu UEFA Çempionlar Liqa…
Danimarkanın "Kopenhagen" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəyi cavab oyunu öncəsi daha bir zərbə alıb.
Futbolinfo.az xəbər verir ki, Danimarka Futbol İttifaqı sözügedən klubu cəzalandırıb. Buna paytaxt təmsilçisi azarkeşlərinin ölkə çempionatının 5-ci turunda "Brondbü" ilə səfər oyunu zamanı törətdiyi iğtişaşlar səbəb olub. Avqustun 6-da keçirilmiş həmin matçın sonlarında onlar əvvəlcə stadionun mühafizəçiləri, ardından polislərlə dalaşıblar. Fanatlar meydana, eləcə də mühafizəçi və polislərə pirotexniki maddələr, yad əşyalar atıblar. Nəticədə baş hakim Anders Poulsen görüşü 18 dəqiqə dayandırıb.
DBU-nun İntizam Komitəsi "Kopenhagen"in növbəti və "Brondbü" ilə ev oyununu azarkeşsiz keçirməsinə dair qərar verib. Mövsümün sonunadək analoji hallar təkrarlansa, daha bir ev oyununa paytaxt təmsilçisi azarkeşlərinin girişinə qadağa qoyulacaq. Bundan başqa kluba 150 min kron cərimə kəsilib.
Qeyd edək ki, "Kopenhagen"lə "Qarabağ" arasındakı cavab matçı sabah – avqustun 23-də "Parken" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Bu klublar arasında ötən həftə Bakıda baş tutan qarşılaşmada Ağdam klubu qələbə qazanıb – 1:0.