Ölkə futbolu
Çəlikəl “Qarabağ”ın BOS-u seçməsindən danışdı
“Qarabağ”ın direktoru Əmrah Çəlikəl klubun &Cc…
“Qarabağ”ın direktoru Əmrah Çəlikəl klubun Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək istəməsinin səbəblərini açıqlayıb.
Ağdam klubunun direktoru Əmrah Çəlikəl qol.az saytına açıqlamasında bildirib ki, öncədən UEFA-ya Tofiq Bəhramov adına Respublika stadionunu sifariş etsələr də, azarkeşlərin böyük marağını nəzərə alaraq, sonradan Bakı Olimpiya Stadionunu seçiblər:
“Artıq bununla əlaqədar UEFA-ya müraciət etmişik. İnanırıq ki, onlardan müsbət cavab alacağıq. Çempionlar Liqasında rəqiblərimizi “Tofiq Bəhramov”da deyil, Olimpiya Stadionunda qəbul edəcəyimiz kimi hazırlaşırıq. Azərbaycan dövləti belə bir nəhəng idman arenası tikərək idmançıların, futbolçuların ixtiyarına verib. Bu arenanı tanıtmaq, dünyaya göstərmək “Qarabağ” klubunun vəzifələrindən biridi”.
Çəlikəl Bakı Olimpya Stadionu rəhbərliyinin onların hər bir müraciətinə həssaslıqla yanaşdığını deyib: “Onlar bizi yaxşı qarşılayıblar. Stadionun oyuna tam hazır olması üçün bizə necə lazımdısa, dəstək olurlar. Bu gün həm bizim, həm də stadionunun mütəxəssisləri meydançanın durumunu yoxlayıblar. Bizə söz veriblər və inanırıq ki, “Qarabağ”ın Çempionlar Liqasında ilk ev oyununa kimi meydançanın ot örtüyu ideal vəziyyətə gətiriləcək”.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk ev oyununu sentyabrın 27-də “Roma”ya qarşı keçirəcək.