Ölkə futbolu
Hər hissədə fərqli “Qəbələ”
Turun mərkəzi görüşünü “Zirə” qaza…
Turun mərkəzi görüşünü “Zirə” qazandı. Yox, “Qəbələ” uduzdu….
İlk yarı bir komandanın teatrı idi – “Zirə” oynayır, rəqib futbolçular sadəcə, qaçırdı. Biri “təmiz” penaltidən olmaqla 2 qol. “Qəbələ” də nə iləsə yadda qaldı – dirəkdən dönən top və Cavid Hüseynovun qırmızı vərəqəsi ilə. Hakimi qınamağın yeri yoxdu, Cavid xüsusilə kapitana yaraşmayan hərəkət etdi: dəcəl uşağını sillələyən ata kimi Duriçin ağzının üstündən vurdu. Bu, məsuliyyətsizliyinson həddi idi.
Ötən tur “Qarabağ” üzərində qələbə ilə yenidən çempionluq yarışına qoşulan komanda bu qədər asan uduzmamalıydı. Çünki “Qəbələ”nin daha yaxşı oynamağa potensialı var və fasilədən sonra elə bunu nümayiş etdirdilər. Roman Qriqorçukun riskli üçqat əvəzləməsi qonaqların meydanda sayca azlıqda qalmasını da unutdurmuşdu. Təsəlli qolu bir az gec gəldi, fərqi daha tez azaltmaq olsaydı, “Qəbələ” Zirədən xalla da dönə bilərdi.
Əslində, bu qola kimi də fərqlənmək imkanı vardı. Amma Fariz Yusifov cərimə meydançasındakı qayda pozuntusunu penalti kimi dəyərləndirmədi. Bu, sabiq FİFA referisinin səhvi idi.
Düzdü, meydan sahiblərinin əks-hücumda fərqlənmək üçün çox imkanı oldu. Futbolçular dəqiq oynamayınca, “Qəbələ” bir az da ruhlanıb irəli atıldı. “Qırmızı-qaralar” ilk yarıdakı oyuna görə məğlubiyyətə, fasilədən sonrakı futbola görə isə qələbəyə layiq idi. Sadəcə, Hüseynovun məsuliyyətsizliyi onlardan çox güc aldı.
Oyuna ən yaxşı qiyməti “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov verib. Bəli, bəzi hakim səhvləri var idi, lakin onları qərəzli qərarlar kimi dəyərləndirmək olmaz. Qriqorçuk komandasını nizama salmalı, futbolçuları rəndələməlidi. Əks halda, belə qeyri-sabit qrafiklə ilk “üçlük”də qalmaq da çətin olacaq.
FƏRİD