Ölkə futbolu
Konte açıq oyun vəd etdi
“Atletiko” həmişə güclü rəqib olub, indi də…
“Atletiko” həmişə güclü rəqib olub, indi də elədi. Onlar hazırda əla formadadılar. Ancaq biz də yaxşı futbol sərgiləyirik” – bunu “zadəganlar”ın baş məşqçisi Antonio Konte deyib.
Çempionlar Liqasında (ÇL) “Qarabağ”la eyni qrupda yer alan London təmsilçisi bu gün son tur çərçivəsində “Atletiko”nu qəbul edəcək. İngilislərdən fərqli, İspaniya təmsilçisi üçün qalibiyyət çox önəmlidi.
Bunu nəzərə alan Konte açıq futbol gedəcəyini vurğulayıb: “Azarkeşlər açıq oyuna tamaşa edəcəklər. Çünki “Atletiko” qələbə qazanmağa çalışacaq, biz də bunun üçün meydana çıxacağıq. Əlbəttə ki, indiki vəziyyətdə nəticə onlar üçün daha vacibdi. Biz isə pley-off mərhələsinə vəsiqəni təmin etmişik. Ancaq böyük klub hər zaman qələbə qazanmaq üçün çalışmalıdı”.
Təcrübəli çalışdırıcı komandasının ÇL-in qrup mərhələsindəki çıxışından razı qaldığını bildirib: “Mərhələ adlamaq bizim üçün çox önəmli idi. Ya “Atletiko”, ya da “Roma” bu turnirdən kənarda qalacaq. “Roma” ilə səfər matçı istisna olmaqla, qrupdakı iştirakımızdan məmnun olmalıyıq”.