Dünya futbolu
Azərbaycan klubu Sağlamla anlaşdı
Təbrizin “Traktorsazi” klubunun yeni baş məşqçi…
Təbrizin “Traktorsazi” klubunun yeni baş məşqçisi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisini bundan sonra türkiyəli mütəxəssis Ərtoğrul Sağlam çalışdıracaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə “Traktorsazi” təmsilçiləri ilə Sağlamın İstanbulda görüşdüyü və uzun müddət davam edən danışıqların ardından razılığa gəldikləri qeyd edilib. 48 yaşlı məşqçinin bu gün axşam İrana gedəcəyi və klubla rəsmi müqavilə bağlayacağı vurğulanıb. Sağlam “Traktorsazi” ilə 11 oyunluq müqavilə imzalayacaq.
Mütəxəssis Tükiyə mətbuatına açıqlamasında xəbəri təsdiqləyib: “Bu gün axşam İrana gedəcəyik. Sabah orda daha bir görüş keçirdikdən sonra, heç bir problem çıxmasa, komandanın “sükanı arxasına” keçəcəm. Ümid edirəm, həm bizim, həm də “Traktorsazi” üçün xeyirli olar”.
Xatırladaq ki, daim İran çempionatında yüksək yerlər uğrunda mübarizə aparan “Traktorsazi” cari mövsümdə uğursuz çıxış edir. Komanda 19 turdan sonra 11-ci pillədə qərarlaşıb.
Onu da qeyd edək ki, Türkiyə mətbuatı son günlərə kimi “Traktorsazi”nin Mustafa Dənizliyə tapşırılacağını yazırdı. Vaxtilə “Xəzər Lənkəran”ı da çalışdırmış bu mütəxəssisin də “Traktorsazi” ilə tam razılığa gəldiyi və müqavilə bağlamaq üzrə olduğu iddia edilirdi.