Ölkə futbolu
“Kəpəz”in Dieqo Souza bəlası: Şəmkirdə yaşayıb, oynamadan maaş alır
Dieqo Souza “Kəpəz”in başına bəla olub. Braziliyalı …
Dieqo Souza “Kəpəz”in başına bəla olub. Braziliyalı yarımmüdafiəçi Gəncədə oynamadan maaş almaqda davam edir.
Futbolinfo.az xəbər verir ki, ötən ilin qışında baş məşqçi Yunis Hüseynovun istəyi ilə heyətə cəlb olunan yarımmüdafiəçi hələ də komandadadı. Ötənmövsümkü heyət tamamilə dağıdılsa da, Souzayla yollar ayrılmayıb. İşini ehtiyatlı tutan futbolçu beynəlxalq tələblərə uyğun müqavilə imzalayıb və klub digərləri kimi, onun da anlaşmasına birtərəfli xitam verə bilməyib.
9 gündən sonra 30 yaşını qeyd edəcək Dieqo ən yaxşı vaxtlarını 5 mövsüm oynadığı “Xəzər Lənkəran”da keçirib. Daha sonra vətənində çıxış edən braziliyalı 2015/16 mövsümündə də “Zirə” forması geymişdi. Karyerasını bitirdiyi bilinən yarımmüdafiəçinin birdən-birə “Kəpəz”də peyda olması təəccübə səbəb olmuşdu. Artıq çəkidən əziyyət çəkən futbolçu Gəncə klubunda zədələrlə mübarizə aparmalı oldu, komandaya ciddi fayda vermədi. Məşqçilər onu seçərkən deyəsən, durumuna baxmamış, köhnə tanışlığa görə transferi reallaşdırmışdı.
İndi isə bu futbolçu klub yük olub. 7 min dollar aylıq maaşı daha heç yerdə ala bilməyəcəyini anlayan futbolçu qışda yekunlaşacaq müqaviləsindən yararlanır. O, indi də klubdan maaşını alır. Yayda klub onu yola salmağa cəhd etsə də, futbolçu FİFA-ya müraciət edəcəyini bildirib, rəhbərliyi qorxutdu və Souza heyətdə saxlanıldı.
Dieqo bu gün də komandadadı. O, “Kəpəz”lə birlikdə məşq edir, oyunlara çıxmır. Şəmkirdə yaşayan futbolçuya bu şəraiti onu kluba gətirib transferindən və ola bilsin, maaşından da pay alan menecerləri yaradıb. Bu durum isə klubu çətin vəziyyətə salıb.
Sabiqlərin uzaqgörən olmaması üzündən birillik müqavilə bağlanan futbolçu indi klubun aylıq büdcəsinin az qala 30 faizini alır. Buna görə də klubun bir çox işçiləri 3 aydı maaş üzünə həsrətdi. AFFA sponsorluq etdiyi klubun futbolçusunu heç cür razı sala bilməyib, indi isə büdcədən kənara çıxmaq olmur. Belədə komandanın əməkdaşlarının maaşının verilməsində problem yaranır və 2-3 aydan bir əlavə vəsait hesabına yığılan borclar bağlanır.